Rusiya 500 min hərbçini səfərbər edir: Savaşda yeni mərhələ
27 Jul 2026, 14:24
5 baxış
Admin
Bəzi müstəqil Rusiya mənbələri Dövlət Dumasına keçiriləcək seçkilərindən sonra Rusiyada, yarım milyona yaxın insanın cəlb ediləcəyi genişmiqyaslı səfərbərlik elan ediləcəyini bildirirlər. Hətta bununla bağlı regional liderlərə müvafiq təlimatların verildiyi də qeyd edilir.
"Bakupost" xəbər verir ki, "Reuters" agentliyi də Rusiyada payızda olacaq səfərbərliyə hazırlıqların aparıldığı barədə məlumat yayıb.
Amma hələlik Rusiya hökumət rəsmiləri genişmiqyaslı səfərbərliyin olacağını təkzib edirlər. Burada da məqsədin ictimaiyyəti sakitləşdirmək olduğu söylənilir.
Politoloq Zərdüşt Əlizadə "Bakupost"a bildirib ki, nəzərdə tutulan bu addım Rusiyanın müharibəyə cəlb edilən canlı qüvvəsinin tükənmək üzrə olduğunun göstəricisidir.
Bu əsasda da politoloq Rusiyada genişmiqyaslı səfərbərliyi istisna etmədi:
“Belə bir səfərbərlik gözləniləndir. Rusiya həm də cəbhə xəttində hansısa bir irəliləyişə nail ola bilməyib. Ona görə də genişmiqyaslı səfərbərliyə əl atmaqla cəbhədəki mövcud vəziyyəti dəyişdirə biləcəklərini düşünürlər. Saxta vətənpərvərlik, vətənin müdafiəsi şüarları ilə bədbəxt insanları orduya cəlb edirlər. Əvvəllər onları əsasən pulla müharibəyə cəlb edirdilər. Amma görünür, artıq Rusiyanın maliyyə imkanları tükənib. Bu əsasda gözlənilən yarım milyonluq səfərbərlik də cəbhə xəttində əsaslı dönüş yarada bilməyəcək. Əksinə, yenə də əvvəlki kimi daha çox insan “ət maşının”dan keçməkdə davam edəcək”.
Ekspertin sözlərinə görə, Rusiyanın yeni səfərbərliyə meyllənməsi həm də müharibənin davam edəcəyinə işarədir:
“Savaşın sonu görünmür. Tərəflərin mövqeləri daban-dabana ziddir. Putin rejimi öz məqsədinə çatmaq istəyir, amma buna nail ola bilmir. Əslində, Ukraynadakı müharibə iki imperalist qüvvənin çarpışmasıdır. İmperalistlər isə öz məqsədlərinə çatmaq üçün hələ çoxsaylı insanları səfərbərlik adı ilə güdaza verməkdə davam edəcəklər. Putin müharibəni davam etdirmək, Kiyevin arxasında dayanan kollektiv Qərb isə Rusiyanı uzunmüddətli müharibə ilə daxildən sarsıtmaq, çökdürmək niyyətindədir”.
Ekspert genişmiqyaslı səfərbərliyin Rusiya daxilində Kremlə münasibətdə ara-sıra baş qaldırılan narazılığın geniş miqyas alacağını düşünmür:
“Bunun baş verəcəyini gözləmirəm. Rusiya xalqının heç nəyə səsi çıxmayacaq”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az