"Məkkə sazişi" zəncirvari regional müharibəyə yol açır? - "Raketlərimiz İstanbula çatacaq"
21 Sep 2026, 16:50
1 baxış
Admin
Türkiyə və Pakistan "Məkkə sazişi"nə əsasən Səudiyyə Ərəbistanının yanında birbaşa müharibəyə daxil olsalar, raketlərimiz İstanbula və İslamabada çatacaq.
"Bakupost" xəbər verir ki, bu barədə husilərin X hesabında paylaşım edilib.
Qeyd edək ki, son günlər husilərlə Əl-Riyad arasında gərginlik artıb. Husilər bu fonda bir neçə dəfə Səudiyyə Ərəbistanı ərazisinə raket zərbələri də endirib.
Siyasi şərhçi Vüqar Zifəroğlu “Bakupost”a bildirib ki, husilərin Ankara və İslamabada raket zərbələri hədələri daha çox siyasi xəbərdarlıq xarakteri daşıyır:
“Husilər son illərdə Səudiyyə ərazisinin dərinliklərinə raket və PUA zərbələri endirmək imkanına malik olduqlarını nümayiş etdirirlər. Lakin İstanbul və İslamabadın vurulması məsələsində məsafə, raketlərin real uçuş imkanları və dəqiq hədəfləmə imkanları nəzərə alınmalıdır. Buna görə də “İstanbul və İslamabad raketlərin hədəfindədir” ifadəsini hazırda daha çox siyasi xəbərdarlıq kimi qəbul etmək olar”.
Digər tərəfdən, müsahibimizə görə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış müdafiə sazişi vəziyyətə yeni ölçü gətirir:
“Əl-Riyad husilərlə qarşıdurmada Ankara və İslamabaddan hərbi-texniki, kəşfiyyat və ya hava hücumundan müdafiə dəstəyi alarsa, husilər bunu özlərinə qarşı koalisiyanın genişlənməsi kimi qəbul edə bilərlər. Bu halda onların Səudiyyə ilə yanaşı, Türkiyə və Pakistanın regiondakı maraqlarını və hərbi obyektlərini təhdid etməsi ehtimalı arta bilər”.
Ekspertin fikrincə, husilərin Səudiyyə Ərəbistanı ilə genişmiqyaslı müharibəyə girməsi də real ssenaridir:
“Ancaq burada məsələ yalnız husilərin niyyətindən asılı deyil. Əl-Riyadın hərbi əməliyyatlarının miqyası, husilərin cavabının intensivliyi və İranın prosesə hansı səviyyədə müdaxilə etməsi əsas amillər olacaq. Xüsusilə İranın onsuz da regional qarşıdurmaların mərkəzində olduğu bir şəraitdə Yəmən cəbhəsinin genişlənməsi daha böyük regional eskalasiya yaradacaq”.
Həmsöhbətimiz hesab edir ki, ən təhlükəli ssenari münaqişənin mərhələli şəkildə genişlənməsidir:
“Əvvəlcə Səudiyyə–Husi qarşıdurması, daha sonra Türkiyə və Pakistanın Səudiyyəyə müdafiə dəstəyi, ardınca husilərin bu ölkələrin maraqlarına qarşı cavab tədbirləri və nəhayət İranın prosesə daha aktiv cəlb olunması. Belə bir zəncirvari eskalasiya Yəmən müharibəsini regional müharibəyə çevirə bilər”.
V.Zifəroğlu deyir ki, Ankara və İslamabad üçün daha məntiqli variant Səudiyyəyə hava hücumundan müdafiə, kəşfiyyat, logistika və digər müdafiə imkanları ilə dəstək vermək, eyni zamanda münaqişənin öz ərazilərinə yayılmasının qarşısını almaqdır:
“Türkiyə və Pakistanın birbaşa Yəməndə döyüş əməliyyatlarına qoşulması baş verməyə bilər. Pakistanın İranla əlaqə saxlaması və Tehranın husilər üzərində təsirindən istifadə etməyə çalışması da diplomatik kanalın hələ açıq olduğunu göstərir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az