Digər

Xarici borcun az və ya çox olması: Hansı daha uyğundur?

19 Jun 2026, 15:48 3 baxış Admin
Xarici borcun az və ya çox olması: Hansı daha uyğundur?

2026-cı ilin iyunun 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 4 milyard 642,4 milyon dollar təşkil edib. Bu isə ümumdaxili məhsulun cəmi 6 faizi deməkdir.
Həmin göstərici onu deməyə əsas verir ki, Azərbaycanın xarici borcu aşağı səviyyədədir.
Amma bir sıra ölkələr var ki, böyük xarici borclamaya düşüblər. Həmin dövlətlər vaxtilə maliyyə korporasiyaları, iri dövlətlərdən böyük həcmdə kapital cəlb edərək, öz iqtisadiyyat və infrastrukturlarının əhəmiyyətli dərəcədə inkişafına nail olublar. Yəni xarici borcun böyük olması ondan yararlanan ölkələrə heç də hər zaman ağır yük olmayıb. Əksinə, ən çox xarici borcu olan ölkələr elə ən yüksək inkişaf etmiş ölkələrdir. Məsələn, ABŞ xarici borcu 21,2 trilyon, Çinin12,3 trilyon, Böyük Britaniyanın 3 trilyon, Yaponiya və Almaniyanın isə 2,5 trilyon dollar səviyyəsindədir.
Xarici borcun az olması yaxşıdır, yoxsa böyük borclar alıb, iqtisadiyyatın daha da böyüməsinə nail olmaq?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Bakupost.az-a bildirib ki, bu məsələyə birmənalı fikir bildirmək doğru deyil.
Ekspert qeyd edir ki, risqlərin azaldılması baxımından borcun az olması daha məqsədəuyğundur:
“Çünki hər iki amilin müsbət və mənfi tərəfləri var. Borcun az olması ölkənin kredit qaytarma qabiliyyətinin daha yüksək qiymətləndirilməsi, daha aşağı faizlə borclanmaya, risqlər və böyük vəsaitlərə zərurət yarandıqda daha böyük vəsaitləri cəlb etmək imkanına və növbəti dövrlərdə dövlət büdcəsinin daha az hissəsinin borcların geri qaytarılmasına sərf edilməsinə şərait yaradır. Belə olan halda, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə maliyyə yükünü növbəti mərhələdə xarici kreditlərin üzərinə ötürə bilərik”.
Həmsöhbətimiz iri həcmli layihələrin isə böyük xarici borclar hesabına reallaşmasının daha doğru olduğu qənaətindədir:
“Bir çox ölkələr iri və uzun müddətli dövrdə nəticəsi gözlənilən infrastruktur layihələri xarici borclar hesabına icra edilməsinə üstünlük verir. Nəticədə xarici vəsaitləri iqtisadiyyata cəlb etməklə iqtisadi artımın dəstəklənməsinə nail olunur. Digər tərəfdən, bu fonda borcun ödənilməsi bir deyil, bir neçə nəslin üzərində ədalətli şəkildə bölünür. Hər hansı bir ölkə iri layihələri öz resursları hesabına həll etmək istəyirsə, bu halda başqa istiqamətlərdə kəsintilərə gedir, sosial siyasətə az xərc çəkir. Bu isə uzunmüdətli dövrdə neqativ nəticələrə gətirib çıxarır”.
Bütün bunlara əsasən iqtisadçı ekspert məsələyə ehtiyatlı yanaşmağın tərəfdarı olduğunu dedi:
“Səmərəli məqsədlə istifadə oluna borclanmaya getmək lazımdır. Bəzi ölkələrdə xarici borclanma daxildə böyük korrupsiya mexanizminin baş qaldırması ilə növbəti nəsillər üçün böyük borc yükü formalaşdırıb”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər