Səhər yeməyi üçün ən yaxşı vaxt bu saatlardır
Dietoloq Merve Ceylan səhər yeməyi üçün ən uyğun vaxtı açıqlayıb.
News24.az xəbər verir ki, o, “Health” nəşrinə müsahibəsində ilk yeməyin oyandıqdan təxminən bir-iki saat sonra qəbul edilməsini tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, səhər yeməyi enerji ehtiyatlarının bərpasına kömək etməklə yanaşı, maddələr mübadiləsini tənzimləyən bioloji saatın normal fəaliyyətini dəstəkləyir. Bundan başqa, səhər saatlarında orqanizm insulinə daha həssas olur və qanda şəkərin səviyyəsini daha yaxşı tənzimləyir.
Ceylan bildirib ki, 7 mindən çox insanın iştirak etdiyi araşdırmada səhər yeməyinin gec saatlarda qəbul edilməsinin qanda şəkərin yüksəlməsi və insulin müqaviməti ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Dietoloq əlavə edib ki, səhər yeməyi üçün ideal vaxt hər kəsdə eyni olmaya bilər. Bu, insanın yuxu rejimindən, fərdi xüsusiyyətlərindən və sağlamlıq vəziyyətindən asılıdır.
Onun sözlərinə görə, bəzi hallarda səhər yeməyini ötürmək ciddi problem yaratmaya bilər. Lakin bu vərdişin mütəmadi təkrarlanması piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.