Cəmiyyət

Qəbul statistikasında təzadlı mənzərə: Bakı niyə Şahbuzdan geri qalır?

23 Nov 2026, 15:30 2 baxış Admin
Qəbul statistikasında təzadlı mənzərə: Bakı niyə Şahbuzdan geri qalır?

Ötən il Azərbaycanda 40 min 883 nəfər orta məktəb məzunu ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
“Bakupost” rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən il orta məktəbi bitirən şagirdlərin ümumi sayının 36,8 faizini təşkil edib.
Ali məktəblərə qəbul faizi ən yüksək olan rayon isə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonudur. Bu rayon üzrə məzunların 83,6 faizi tələbə adını qazanıb.
Sözügedən göstərici üzrə ikinci yerdə 64,4 faizlə Şuşa rayonu, üçüncü yerdə isə 64,3 faizlə Xankəndi şəhəri qərarlaşıb. İlk beşliyə, həmçinin Lerik (63,9 faiz) və Qobustan (62,4 faiz) rayonları daxil olub.
Ordubad rayonunda məzunların 56,6 faizi, Şərurda 53,1, İsmayıllıda 52,6, Culfada 52,5, Pirallahıda 51,8 və Sədərəkdə isə 51,4 faizi tələbə adına layiq görülüblər.
Maraqlıdır ki, təhsilin keyfiyyəti baxımından daha yaxşı mövqedə dayanan Bakı üzrə ümumi qəbul göstəricisi isə cəmi 40,1 faiz təşkil edib. Bakı şəhərindən 14 min 795 məzun ali məktəblərə qəbul olunub.
Ən aşağı göstəricilər Qusar (25,4 faiz), Astara (25,8 faiz), Qubadlı (26 faiz) və Sabirabad (26,1 faiz) rayonlarında qeydə alınıb. Siyahıda sonuncu yeri isə 22,7 faiz göstəricilə Kəlbəcər tutur.
Görəsən, sözügedən siyahıda Şahbuz, Şuşa və Xankəndinin lider olmasına hansı amillər təsir göstərib? Təhsilin mərkəzi sayılan paytaxt Bakının siyahıda xeyli aşağıda yer almasının səbəbi nədir?
Təhsil eksperti Elmin Nuri “Bakupost”a bildirib ki, statistikaya görə, Şahbuz, Şuşa, Xankəndi, Lerik və Qobustanın ilk beşlikdə qərarlaşmasının əsas meyarı adı çəkilən rayonların orta məktəb üzrə məzun kontingentinin az olması və onların universitetlərə qəbul nisbətilə bağlıdır:
“Məsələn, bir rayonda 150 məzundan 100-ü universitetlərə qəbul olunur. Bu isə az qala 70 faizə yaxın göstəricidir. Başqa bir ərazidə, qəbul olunanlar say nisbətilə həddən artıq çox olsalar da, orta məktəbi bitirənləri sayının daha yüksək olması ilə ölçüləndə qəbul faizi rəqəmləri belə az alınır. Onun nəticəsidir ki, adı çəkilən 5 rayon sırf məzun kontingentinin say nisbətinin qəbul olunanların say nisbəti göstəricisinə görə digərlərindən irəlidədirlər”.
Müsahibimiz hesab edir ki, Şuşa və Xankəndinin reytinqdə yüksək yer tutmasına əlavə digər göstəricilər də təsir edə bilər: “Məktəbdaxili tədrisin təşkili, əlavə hazırlıq imkanları da burada öz sözünü deyib. Çünki Qarabağ azad edildikdən sonra, ərazidə diqqət yetirilən mühüm məsələlərdən biri də məhz təhsil məsələsi olub”.
Bakı üzrə göstərici, 40,1 faiz, ölkə üzrə ümumi göstəricidən, yəni 36,8 faizdən əslində yüksəkdir. Amma Bakıda məzunların sayı digər bölgələrə nisbətdə daha çoxdur. Ona görə də onun faiz nisbəti bir qədər aşağıdır”.
Ekspertin sözlərinə görə, qəbul məsələsilə bağlı rayonlar üzrə yerləri müəyyənləşərkən, məzunların say nisbətini nəzərə almasaq, digər göstəricilərə görə, xüsusən də Dövlət İmtahan Mərkəzinin hər il çap etdiyi elmi statistik bülleten və jurnallara baxmaq lazımdır:
“Bu göstəricilər üzrə əvvəlki illərin sıralamasında uzun illər Sumqayıt, Şirvan, Cəbrayıl məktəbləri lider olublar”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər