Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür
04 Nov 2026, 21:52
2 baxış
Admin
“Blumberq” agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyadan güzəştli qiymətlərlə neft alır, digər tərəfdən isə Ukraynanı silahlandıran Avropa ölkələrinə sursat satışını təxminən 18 dəfə artırıb. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Hindistan istehsalçıları Avropa ölkələrinə ən azı 872 milyon dollar dəyərində sursat və hərbi təyinatlı materiallar ixrac ediblər. Bu məhsullar arasında artilleriya mərmiləri, minaatan sursatları, raket yanacağı və partlayıcı maddələr var.
"Bakupost" xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Avropa ölkələrinin hərbi istehsalı Ukraynanın silah ehtiyacını ödəmir. Avropa bundan çıxış yolunu başqa dövlətlərdən hərbi texnikanı alıb Ukraynaya göndərməkdə görür. Misal üçün Donald Tramp prezident seçildikdən sonra ABŞ Ukraynaya havayı silah və hərbi texnika göndərmir. Bunun əvəzinə Avropa həmin hərbi texnikanı pulla ABŞ-dan alaraq Ukraynaya çatdırır.
Avropa ölkələri 2022-ci ildə Ukrayna üçün bir milyon artilleriya mərmisi istehsal etməyi planlaşdırsalar da, istehsal imkanlarının məhdudluğu səbəbindən bu hədəfə hələ də çata bilməyiblər.
Avropa ABŞ-la yanaşı Hindistanın da hərbi istehsalından faydalanır. Hindistanın hərbi sənaye müəssisələrinin Avropa ölkələri ilə müxtəlif sazişləri mövcuddur. Mövcud sazişlər Hindistana əlavə gəlir qazanmağa imkan verir. Hindistan buna sırf kommersiya sövdələşmələri kimi yanaşır. Hindistan Rusiya ilə müxtəlif sahələrdə əməkdaşlığını davam etdirsə də, müdafiə sənayesi sahəsində əməkdaşlığın miqyası azalıb. Hindistan birinci növbədə özünün hərbi-sənaye kompleksini inkişaf etdirməyə qərar verib.
İkincisi, Hindistan ona lazım olan hərbi təyyarələri və hərbi gəmiləri Qərbdəki müttəfiqlərindən almağa üstünlük verir. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərbin Hindistanın hərbi texnikasına da ehtiyacı yaranıb. “Blumberq”in məlumatına görə, Hindistanın Avropaya sursat ixracının təxminən 75 faizi 13 ölkənin payına düşüb. Həmin ölkələrin Hindistandan sursat idxalı on dəfədən çox artıb. Avropa dövlətləri Hindistandan aldıqları silahlarla həm öz ehtiyaclarını ödəyir, həm də Ukraynaya tədarük edirlər”, - o bildirib.
Mənbə:
bakupost.az