“Putin, Tramp, Si görüşünün gündəliyi razılaşdırılır” - Peskov
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin Çində keçirilməsi gözlənilən üçtərəfli görüşünün gündəliyi razılaşdırılır.
News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşün gündəliyi həm Çin, həm də ABŞ tərəfi ilə müzakirə olunur.
Peskov bir gün əvvəl də üç ölkə liderinin görüşünün təşkili istiqamətində işlərin davam etdiyini açıqlamışdı. O, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Çində keçiriləcək sammiti çərçivəsində danışıqların aparılması ilə bağlı ümumi anlaşmanın olduğunu bildirmişdi.
Qeyd edək ki, oktyabrın 25-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov üçtərəfli danışıqlara hazırlığın başladığını açıqlayıb. Onun sözlərinə görə, hər şey müsbət inkişaf edərsə, liderlər noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək APEC sammiti çərçivəsində görüşə bilərlər.