Sahibkarlara şad xəbər: Xərclər azalır
Mobil telefonlar artıq POS-terminal kimi istifadə oluna biləcək. Bununla bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul edilib. Yeni qaydalar xüsusilə kiçik sahibkarlar üçün ödəniş imkanlarını genişləndirəcək.
Bəs mobil cihazlardan POS-terminal kimi istifadəyə hər hansı məhdudiyyət qoyulacaqmı?
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, burada əsas məsələ ödənişlərin sadələşdirilməsidir: “Ödəniş infrastrukturunda müəyyən çətinliklər var. Əvvəllər sahibkarlar POS-terminal əldə etmək üçün banka müraciət etməli, cihazı almalı, gətirib quraşdırmalı idilər. Bu xidmətlərin özü də müəyyən xərc tələb edirdi.
Kiçik sahibkarların 600-700 manat xərcləyərək POS-terminal əldə etməsi hər zaman mümkün olmurdu. Bu da onlar üçün müəyyən maneə yaradırdı. Üstəlik, POS-terminalların işləməsi ilə bağlı da problemlər yaşanırdı”.
İqtisadçının sözlərinə görə, indi isə xüsusilə mikro sahibkarlar üçün yeni imkanlar yaradılır: “Onlar telefonlarına müvafiq proqram təminatını yükləyərək cihazdan həm POS-terminal, həm də kassa aparatı kimi istifadə edə biləcəklər.
Burada əsas məqsəd nağdsız ödənişlərin əhatə dairəsini genişləndirməkdir. Bu, çox mütərəqqi və müsbət addımdır. Yeni imkan sahibkarların xərclərini də azaldacaq. Xüsusilə, kiçik ticarətlə məşğul olan mikro sahibkarlar üçün bu, əhəmiyyətlidir.
Məsələn, kiçik bir satış yeri olan sahibkarın kassa aparatı və ya POS-terminal almaq üçün maddi imkanı məhdud ola bilər. Belə olan halda o, sadəcə telefonuna müvafiq proqramı yükləməklə bu imkandan istifadə edə biləcək.
Beləliklə, həm sahibkarların xərcləri azalacaq, həm də nağdsız hesablaşmaların və ödənişlərin əhatə dairəsi genişlənəcək. Eyni zamanda, şəffaflıq da artacaq”.