Yerli işçilər çətinlik çəkir, aqroparklara əcnəbilər gəlir
Aqroparklarda çalışan əcnəbilərə iş icazəsinin alınması tələbi aradan qaldırılır. Bu dəyişiklik aqrar sahəyə xarici işçi qüvvəsinin cəlb olunmasını asanlaşdıracaq.
Maraqlıdır, nədən bu sahədə xarici işçilərə ehtiyac yaranır? Bu vəziyyət yerli kadrların fəaliyyətinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan ekoloq Ənvər Əliyev bildirib ki, aqroparklarda çalışan insanların vəziyyəti o qədər də yaxşı deyil:
“Aqroparklarda, eləcə də digər kənd təsərrüfatı müəssisələrində işləyən insanların müəyyən problemləri var. Müşahidələrimə əsasən, işçilər özlərini pis hiss edir, hətta becərdikləri məhsullardan özləri istifadə etməkdən belə çəkinirdilər. İşdən sonra yuyunmadan evə daxil olmurlar. Ona görə də söhbət kadr çatışmazlığından getmir".
Ekoloqun sözlərinə görə, bu sahənin başqa problemləri də var: “Xaricdən işçilərin gətirilməsi məsələsinə gəldikdə, burada da müəyyən məqamlar nəzərə alınmalıdır. Məsələn, iş prosesində kimyəvi maddələrin və dərmanların qarışdırılması, müxtəlif preparatlardan istifadə, qoruyucu geyim və respiratorların tətbiqi kimi məsələlər var. Bu qaydalara əməl olunmadıqda işçilərin sağlamlığı üçün təhlükə yaranır. Bəzən belə hallarda insanlar çətinliklərlə üzləşir, xəstələnənlərin sayı artır.
Ona görə də xarici işçi qüvvəsinə ehtiyac məsələsinə birmənalı yanaşmaq olmaz. Gətirmək istəyirlərsə, əlbəttə, özləri bilər. Amma bu, kifayət qədər ciddi məsələdir. Onsuz da gənclərimizin vəziyyəti gərgindir. Normal qidalanma imkanları məhduddur, əməkhaqqı aşağıdır, bəzən heç normal maaş da almırlar.
Bütün bu problemlərlə üzləşən insanların vəziyyəti, əlbəttə ki, yaxşı olmayacaq”.