"Dədə Qorqudla Koroğluya Bakıda layiqli yer tapılmadı?" - Sabir Rüstəmxanlı
03 Nov 2026, 22:16
3 baxış
Admin
"Bakupost" TV-də Xalq şairi Sabir Rüstəmxanlının “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılışı yayımlanıb.
Xalq şairi veriliş boyunca Bakıda Dədə Qorqud, Koroğlu və Aşıq Ələsgər kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan şəxsiyyətlərin heykəlləri üçün layiqli məkanların seçilməməsindən narazılığını bildirib.
Qeyd edib ki, vaxtilə müəyyən ideologiyaları təmsil edən şəxslərin heykəlləri paytaxtın ən görkəmli yerlərində ucaldıldığı halda,xalqımızın milli-mədəni dəyərlərini təcəssüm etdirən şəxsiyyətlərə münasib məkanların ayrılmaması təəssüf doğurur.Sabir Rüstəmxanlı əvvəlcə sovet dövründən qalmış heykəllərin taleyinə münasibət bildirib. Onun fikrincə, ideoloji baxımdan ciddi problem yaratmayan bəzi heykəlləri qoruyub saxlamaq və ya onları ayrıca parkda nümayiş etdirmək mümkün olardı:"Axı bu, həm də sənət əsəridir. Onu yaradan heykəltəraşın əməyinə hörmət əlaməti olaraq qorumaq olardı. Yaxud da heykəlləri götürüb ayrıca bir park yaratmaq, onları orada yan-yana sərgiləmək mümkün idi. Beləliklə, həmin əsərlər sovet dövründə azərbaycanlı sənətkarların yaradıcılığının, zəhmətinin və sənət gücünün nümunəsi kimi qorunub saxlanıla bilərdi.
Bu gün də Bakıda heykəllər ucaldılır. Məsələn, Dədə Qorqud parkında Dədə Qorqudun heykəli qoyulub. Vaxtilə "Zorge parkı" adlandırılan ərazidə Caparidzenin heykəli var idi, sonradan orada Koroğlunun heykəli ucaldıldı. Bundan başqa, Rəşid Behbudov küçəsinin başlanğıcında Aşıq Ələsgərin heykəli qoyulub. Mən bu heykəllərə baxanda istər-istəməz təəccüblənirəm. Hesab edirəm ki, Bakının memarlığı ilə məşğul olan şəxslər heykəllərin yerləşdirilməsi məsələsinə daha dərindən yanaşmalı, onlar üçün münasib məkanlar seçməli idilər. Necə olur ki, Əzizbəyovun heykəli Bakının əsas küçələrindən birində, şəhərin çox görkəmli bir yerində, böyük meydanda ucaldılır, Musabəyovun heykəli də son dərəcə gözəl bir məkanda yerləşdirilir? Leninin, Kirovun heykəlləri də vaxtilə şəhərin ən diqqətçəkən yerlərində idi.Bəs Azərbaycanın Dədə Qorqud kimi böyük mənəvi kökə, milli varlığının əsas simvollarından birinə niyə həmin məkanlarda heykəl qoyulmasın? Niyə Dədə Qorqudun heykəli vaxtilə Kirovun, yaxud Musabəyovun heykəlinin yerləşdiyi möhtəşəm məkanlarda ucaldılmayıb?
Təəssüf ki, indiki Dədə Qorqud heykəli mənim gözlədiyim obrazı əks etdirmir. O, sanki "Dədə Qorqud" dastanından daşlaşmış bir nağıldır. Halbuki biz Dədə Qorqudu xalqın müdrik ağsaqqalı, mənəvi dayağı, müdriklik rəmzi kimi görmək istəyirdik. Mənə elə gəlir ki, heykəltəraşlarımız nə vaxtsa bu məsələyə yenidən qayıtmalı, əsl Dədə Qorqud obrazını yaratmağa çalışmalıdırlar. Yaxud Koroğlunun heykəli... Məncə, bu, uğursuz bir heykəldir və uğursuz yerdə qoyulub. Hesab edirəm ki, nə vaxtsa bu məsələyə yenidən qayıtmaq, Koroğluya Bakıda layiqli bir yer ayırmaq lazımdır. Koroğlunun heykəli Azərbaycanın görünən, diqqətçəkən məkanlarından birində olmalıdır. Məsələn, vaxtilə Musabəyovun heykəlinin yerləşdiyi ərazidə".
Xalq şairi xüsusilə Aşıq Ələsgərin heykəlinin yerləşdirilməsini kəskin tənqid edib. O, Azərbaycan ədəbiyyatında müstəsna yeri olan sənətkarın paytaxtda daha görkəmli, əlçatan və ziyarət üçün əlverişli məkanda təmsil olunmalı olduğunu deyib:"Aşıq Ələsgər Azərbaycan ədəbiyyatında, Dədə Qorquddan başlanan söz sənətimizin davamı olan aşıq yaradıcılığında müstəsna yer tutur. Onun poeziyası Vaqifin şeirləri ilə yanaşı dayana biləcək səviyyədədir. O, ədəbiyyatımızın klassikidir. Bu gün də yaşayır, şeirləri dillər əzbəridir, aşıqların dilindən düşmür. Ələsgər haqqında cavanlıqda yazdığım bir şeir vardı - "İrəvan çuxuru alışır sazda, Sinəmə sıxmağa Göyçə gölüm var. Dağların başında Ələsgər kimi, Bizdən uzaq düşən bir küsülüm var".O vaxt Ermənistanı başdan-başa gəzmiş, Aşıq Ələsgərin məzarını da ziyarət etmişdim. Amma o, mənə b bizdən uzaq düşmüş bir şəxsiyyət kimi görünürdü. Ona görə də yazmışdım: "Bizdən uzaq düşən bir küsülüm var". İndi isə Bakının özündə Ələsgəri elə bir yerə yerləşdiriblər ki, sanki yenə bizdən küsülüdür, yaxud biz ondan küsülüyük. İki küçənin tinində... Maşını saxlayıb heykəlinin ayağına bir dəstə gül qoymaq belə mümkün deyil. Arxa tərəfdən, hardansa evlərin arasından dolanıb ona yaxınlaşmaq lazımdır.Axı bu boyda Sahil parkı var, Koroğlunun heykəlinin qoyulduğu park var, Bakının müxtəlif yerlərində münasib məkanlar var. Aşıq Ələsgərin adına yəqin bir küçə də var. A qardaşım, Aşıq Ələsgəri ağacların arasına niyə soxmusuz? Nə günahı var Aşıq Ələsgərin? Mən onun üzünü görmək istəyirəm. Ağacların arasında elə yerləşdirilib ki, heykəlin yanına yaxınlaşmaq mümkün deyil. Maşınla ötüb keçəndə də yalnız bir tərəfdən gözə dəyir. Bakıda Ələsgərə yer tapılmayıb. Niyə vaxtilə adlarını çəkdiyim Caparidzelərə, Şaumyanlara, Kirovlara şəhərin ən möhtəşəm yerlərində məkan ayrılırdı, amma öz sənətkarımızı üç-dörd ağacın arasında, küçənin tinində yerləşdiririk?!".
Lalə, BakuPost
Mənbə:
bakupost.az