Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqlədi
Qrenlandiya parlamenti çərşənbə axşamı ABŞ Prezidenti Donald Trampla bu ilin əvvəlində əldə edilmiş təhlükəsizlik sazişini ratifikasiya edib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, ABŞ, Danimarka və Qrenlandiya arasında sentyabrda imzalanan saziş Trampın strateji mövqeyə və zəngin mineral ehtiyatlara malik adanı nəzarətə götürməklə bağlı təkrar bəyanatlarından sonra yaranmış gərginliyi aradan qaldırmaq məqsədi daşıyır.
Razılaşma ABŞ ordusunun Qrenlandiyadakı rolunu genişləndirir, adada iki yeni hərbi bazanın və Trampın “Qızıl Qübbə” raketdən müdafiə sisteminin yaradılmasına imkan verir. Sənəddə eyni zamanda Danimarkanın suverenliyi və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququ təsdiqlənir. Səsvermədə 16 deputat sazişin lehinə çıxış edib, əleyhinə səs verən olmayıb, 7 deputat isə bitərəf qalıb.
Qeyd edək ki, sazişin qüvvəyə minməsi üçün Danimarka parlamentinin də təsdiqi tələb olunur. Sənədin ilk oxunuşu noyabrın 11-də, yekun səsverməsi isə noyabrın 19-da keçiriləcək. Razılaşmanın ABŞ Senatının təsdiqinə ehtiyacı yoxdur.
Xatırladaq ki, Tramp yanvarda Qrenlandiyanı əldə etmək üçün, o cümlədən hərbi gücdən istifadə variantını müzakirə etdiyini açıqlamışdı. Bu bəyanatlar Avropa ölkələrində narahatlıq yaratmış və diplomatik gərginliyə səbəb olmuşdu.