İsrail müxalifəti iki od arasında: Netanyahu, yoxsa ərəb bloku?
03 Nov 2026, 13:41
1 baxış
Admin
İsrailin Baş naziri Binyamin Netanyahu həm tərəfdaşları, həm də kabinetə qoşulmaq istəyən istənilən siyasi partiya ilə geniş koalisiya hökuməti qurmağa hazır olduğunu bəyan edib.
"Biz mövcud tərəfdaşlarımız və terrorizmi dəstəkləməyən və bu təşəbbüsə qoşulmaq istəyən istənilən partiya ilə geniş koalisiya hökuməti qurmağa çalışırıq- deyə Netanyahu bildirib.
Bu əsasda o, dialoqa hazır olduğunu söyləyib.
Görəsən, müxalifət Netanyahunun koalisiya çağırışına müsbət cavab verəcəkmi?
Siyasi şərhçi Rüfiz Hafizoğlu “Bakupost”a bildirib ki, belə bir çıxılmaz vəziyyətin yaranmasında ərəb seçiciləri mühüm rol oynayıb:“İsraildə düşünürdülər ki, Netanyahu qalib gələcək. Amma bu baş vermədi. Belə bir çıxılmaz vəziyyətin yaranmasında ərəb seçicilərinin rolu şübhəsizdir. Bunu dolayı yolla Netanyahunun özü də bəyan edib. O həmçinin, ərəblərlə hər hansı bir koalisiya hökumətinin yaradılmasından söhbət getməyəcəyini də diqqətə çatdırıb”.
Ekspertin sözlərinə görə, Netanyahu həm tərəfdaşları, həm də terrorizmi dəstəkləməyən və kabinetə qoşulmaq istəyən istənilən siyasi partiya ilə geniş koalisiya hökuməti qurmağa hazır olduğunu bəyan etməklə əslində müxalif qrupları ərəblərlə koalisiyadan uzaqlaşdırmağa çalışır:
“Bu hazırkı Netanyahu hökumətinin əsas prioritetlərindən biridir. Çünki müxalifətin ərəb partiyalarla ittifaqa girməsi heç şübhəsiz Netanyahunun sonu olacaq. Bunun olmaması üçün də yuxarıda qeyd edilən açıqlamanı verib”.
Ekspert qeyd edir ki, müxalif qrupların özləri də seçim qarşısındadır:
“Bir yandan hökuməti uçuruma sürükləyən Netanyahu kimi baş nazir, digər tərəfdən isə müxalif qrupların qismət düşmən hesab etdikləri ərəb bloku”.
Müsahibimiz bu istiqamətdə mübarizənin uzanacağı qənaətindədir:
“Böyük ehtimalla müxalifətdə olan bəzi deputat və bloklar yenə də Netanyahu ilə ittifaqa gedəcəklər. Yenə də Netanyahuya hökumət qurmaq fürsəti veriləcək. Çünki bəzi digər qruplar onunla koalisiyaya razılaşacaq. Unutmayaq ki, burada ABŞ-nin də rolu böyükdür”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az