Kitab oxuyarkən buraxdığımız səhv – Alimlər xəbərdarlıq edir
Kağız kitablar elektron kitablardan baha olsa da, mürəkkəb mətnlərin oxunması və yadda saxlanılması baxımından mühüm üstünlüklərə malikdir.
News24.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Mixail Koryakin məlumat verib.
Mütəxəssisin sözlərinə görə, məsələ təkcə kağız kitab oxumağın yaratdığı xüsusi atmosferlə deyil, həm də insan beyninin işləmə xüsusiyyətləri və diqqəti cəmləmək qabiliyyəti ilə bağlıdır.
Araşdırmalar göstərir ki, bədii ədəbiyyat oxuyarkən mətnin kağızdan və ya ekrandan qəbul edilməsi arasında ciddi fərq müşahidə olunmur. Lakin söhbət dərindən mənimsənilməli və yadda saxlanılmalı mürəkkəb məlumatlardan getdikdə vəziyyət dəyişir.
2026-cı ildə aparılan tədqiqat zamanı alimlər müəyyən ediblər ki, kağız üzərindən oxumaq beyindən daha az səy tələb edə bilər. Əvvəlcə çap olunmuş mətnləri oxuyan iştirakçılar mürəkkəb suallara daha sürətli cavab veriblər. Planşetdən oxuyan şəxslərdə isə əlavə beyin aktivliyi müşahidə olunub və cavablandırma prosesi daha uzun çəkib.
Professor bildirib ki, kağız kitabların əsas üstünlüklərindən biri məkan və toxunma hissi ilə bağlıdır. Oxucu mətnin səhifədə yerləşməsini görür, vərəqlərin qalınlığını hiss edir, kitabın nə qədərini oxuduğunu və qarşıda nə qədər material qaldığını anlayır. Bu detallar məlumatın beyində daha yaxşı sistemləşdirilməsinə və sonradan xatırlanmasına kömək edir.
Smartfon ekranında isə mətn daim hərəkət etdiyindən belə istiqamətləndirici işarələr daha az olur. Bu da oxunmuş məlumatın yaddaşda bərpasını çətinləşdirə bilər. Xüsusilə dərsliklər, elmi-kütləvi və fəlsəfi əsərlər oxunarkən bu fərq daha aydın hiss olunur. Çünki belə mətnlər üzərində düşünmək, məlumatları müqayisə etmək və əvvəlki səhifələrə qayıtmaq lazım gəlir.
Mütəxəssislər daha bir mühüm məqama diqqət çəkiblər. Bu, rəqəmsal mühitin yaratdığı diqqət dağınıqlığıdır. Telefon və ya planşet vasitəsilə kitab oxuyan şəxs eyni zamanda mesajlar ala, sosial şəbəkələri yoxlaya və müxtəlif tətbiqlər arasında keçid edə bilər. Belə fasilələr diqqətin cəmlənməsini pozur. Oxucu yenidən mətnə qayıtdıqda əvvəlki fikirləri xatırlamaq və oxuduqlarının məntiqi ardıcıllığını bərpa etmək məcburiyyətində qalır. Kağız kitab isə bildirişlər və digər rəqəmsal maneələr olmadan daha sakit mühitdə mütaliə etməyə imkan yaradır.
Alimlərin qənaətinə görə, bədii ədəbiyyat oxumaq üçün kağız və elektron kitab arasında seçim hər zaman həlledici əhəmiyyət daşımır. Lakin məqsəd mürəkkəb məlumatı dərindən anlamaq və uzun müddət yadda saxlamaqdırsa, kağız kitab daha əlverişli ola bilər.
Bununla yanaşı, oxunun səmərəliliyi yalnız kitabın formatından deyil, həm də insanın diqqətini nə dərəcədə cəmləyə bilməsindən asılıdır.