Digər

Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... -

24 Oct 2026, 07:00 2 baxış Admin
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... -

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 42-ci buraxılışının yazılı variantını təqdim edir:
Ey TƏBİB-im, daha yox...
– TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi xəbərinin ictimaiyyət arasında maraqla qarşılandığının şahidi oldum. Görünür, bununla səhiyyə sahəsindəki problemlərin aradan qalxacağını düşünürlər. Bəzi sahələrdə, xüsusən tibbi sığorta ilə bağlı irəliləyişə baxmayaraq, TƏBİB haqda az qala bu sayaq agentliklər özünü doğrultmadı demək istəyirəm, lakin yadıma “Asan Xidmət” və DOST Agentliyi düşür və tərəddüd edirəm. Lakin yaradıcılıq sahəsində agentlik institutunun yaxşı nəticələr vermədiyini rahat söyləyə bilərəm.
Bütün hallarda səhiyyənin vahid mərkəzdən idarə olunması daha məqsədəuyğundur. Heç olmasa insanlar şikayət eləməyə bir ünvan tanıyarlar. Onsuz da təhsillə səhiyyənin problemləri bizdə heç vaxt həll olunası deyil.
Bizim Türkiyə kompleksimiz...
– Türkiyə prezidentinin Azərbaycan prezidentinə telefon zəngindən sonra həftələrdir davam edən gərginlik səngiyib. Biz buna sevinirik. Keçən çıxışımda da dedim, Türkiyə-Azərbaycan münasibətləri tarixi köklərə söykənir və istənilən siyasi ritorikadan daha yuxarıdadır. Bizim münasibətdə ən vacib nüans Türkiyəyə xüsusi kompleksə yanaşmağımızdır. Görünür, bu, müstəmləkə taleyindən doğan böyük qardaş axtarışıdır. Lakin unutmayaq, xalqların və millətlərin böyük-balaca qardaşı olmur, onlar ya qardaş olur, ya da olmur.
Yadımdadır, bir dəfə indi adını çəkmək istəmədiyim bir deputat türkiyəli ulduz Yıldız Tilbəyə etiraz eləmişdi. Yıldız xanım təhsillə bağlı ona tutulan iradlara, “bu qədər vacibdirsə, gedib Azərbaycandan parayla dandik bir diplom alaram” demişdi. Deputatımız isə inad edirdi ki, Yıldız xanım Azərbaycan xalqından üzr istəməlidir. O vaxt mən həmin paylaşıma bir şərh yazdım. Dedim, Yıldız xanımla əlqələrim var (əlbəttə, özümdən uydurmuşdum bunu), əgər təhsilimiz düzələcəksə, xahiş edərəm, üzr istəyər, lakin mən təklif edirəm, təhsilimizi özümüz düzəldək və dostdan da, düşməndən də belə məzəmmət yeməyək.
Son günlər də ölkəmizlə bağlı elə sözlər dilə gətirirdilər, adamın yeddi qatından keçirdi. Bu təcrübə nəyi göstərdi: biz nə qədər yaxın olsaq da, heç bir böyük qardaş gəlib bizi problemlərdən xilas etməyəcək. Özümüz inkişaf etməli, özümüz öz taleyimizi düşünməli, özümüz özümüzə güvənməli, inanmalıyıq.
“44” filmi gündəmi ələ aldı...
– Bütün söhbətlərimdə deyirəm: qələbədən yazmaq və çəkmək çətindir, çünki qələbə harmoniyadır. Lakin qələbəyə aparan yol – müharibə dramaturji materiallarla doludur. Sadəcə o incə məqamlara enmək insandan xüsusi istedad, xüsusi yanaşma tələb edir.
Nəhayət, bizdə də müharibənin birbaşa özü haqqında geniş auditoriyada müzakirələrə səbəb olan film çəkildi. “44” filmi... Bildiyiniz kimi, filmin bədii rəhbəri və ssenari müəlliflərindən biri hörmətli Anar Ələkbərovdur. Anar müəllimin yaradıcılıq preosesinə rəhbərlik etməsi filmin bu səviyyədə araya-ərsəyə gəlməsində çox ciddi rol oynayıb. Sanki dövlət kino camiəsinə dedi ki, artıq aradan beş il keçib, deyəsən, bu işi siz görə bilməyəcəksiniz, gərək bunu da özümüz edək...
Mən filmlə bağlı statistikaya baxan heyrət elədim. Bizdə heç bir kino industriyası bu miqyasda film çəkə bilməzdi. Dörd yüz əllidən artıq daimi kollektiv, iki minə yaxın kütləvi səhnə oyunçusu, on üç ölkədən mütəxəssis, hərbi texnika, döyüşçülər və sair və ilaxır...
Filmin yaranmasında dövlət rəsmisinin iştirakı həm də ona görə faydalıdır ki, müharibə ilə bağlı ciddi faktlar əldə etmək asanlaşır və bunların hansından istifadə etmək məsələsi aydınlaşır. Məncə, dövlət əl atmasaydı, belə bir filmi çəkməyin üstündə adamlar bir-birini qırardılar və həmişəki kimi ortaya ciddi bir iş qoya bilməzdilər. Dövlət necə yumruğu stola vurub müharibənin taleyini həll elədi, eləcə də onun filmini çəkdi.
Təbii, peşəkarları cəlb eləməklə...
Lakin nüfuzlu bir dövlət adamının işin içində olması başqa bir problem ortaya çıxarır. Film haqqında obyektiv fikir görə bilmirsən. Hamı tərifləyir. İctimai Televiziyada filmin yaradıcı heyətinin müsahibəsinə baxdım, orada da işin sənətkarlıq tərəfi qalıb bir yanda, hamı qələbə pafosu ilə danışır. Filmdə əsas rollardan birinə çəkilən aktrisa dostumuz Mehriban Zəki deyir, biz zəfərə xidmət edirik. Axı sən niyə zəfərə xidmət etməlisən? Zəfərə əsgərlərimiz xidmət edib və onu qazanıb. İndi sənin sənətə xidmət etmək vaxtındır.
Mətbuatda filmlə bağlı ümumi fikirlərə baxdım. Yeri gəlmişkən, heç bir premyeraya dəvət almadığım üçün filmi izləyə bilməmişəm, indi bilet alıb mütləq izləyəcəm və öz fikirlərimi yazacam. İndi isə filmdən çox, filmə münasibətdən danışıram. İllərlə mətbuatda kino haqqında bir cümlə deməyən adamlar “44” filminə təriflər yağdırırlar. Şəxsən mən bu təriflərə inanmıram.
Cəmi bir normal yazı çıxdı qarşıma. Qaynarinfo.az saytında Azər Rəşidoğlunun yazısı... O, çox gözəl bir fikir bildirib ki, vətənə, torpağa, şəhidlərə sevgi başqadır, sənət və sənətkarlıq qaydaları ilə işləmək başqa – bəzən vətəni sevmək film çəkmək üçün kifayət eləmir. İşin çətin tərəfi böyük mətləbləri ayrı-ayrı insanların, fərdlərin həyatında göstərə bilməkdir. Bildiyim qədər, “44”ün senarisində bu nüans nəzərə alınıb. Sevgi xətti, fərdi yaşantılarla sosial-siyasi həyatın qovuşması və s...
Biz indi kino camiəsinə nəinki filmin özünü, onun normal bir tənqidini, hətta təhlilini belə etibar edə bilmirik. Halbuki mən əminəm, filmin yaradıcı heyəti, tamaşaçılardan və peşəkarlardan sağlam tənqid və təhlil gözləyir. Çünki gec-tez hər bir əsər öz obyektiv dəyərini alır, heç kimin yalançı tərifi və heç kimin yersiz tənqidi ona heç bir təsir etmir. Kəramət Böyükçöldən sərt ittiham...
– Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq Kitab Yarmarkası davam edir. Yarmarka çərçivəsində Mədəniyyət Nazirliyinin təşkil etdiyi elektron səsvermə ilə ən çox oxunan yazıçı seçilir. Bu, özlüyündə sərginin piyarı üçün maraqlı addımdır, lakin səsvermə çərçivəsində bizi məyus edən faktlar yaşandı: iştirakçı yazıçılar süni şəkildə ordan-burdan səs toplamağa başladılar. Halbuki mənim də adım var yarışanların arasında. Lakin səmimi deyim, kiməsə link atıb mənə səs ver deməyə utanıram. Nəinki çevrəmdəki dosta-tanışa tapşırmaq, süni şəkildə say artırmaq...
Özüm nəşriyyat işçisiyəm, kimin nə qədər oxunduğunu yaxşı bilirəm. Əgər obyektiv səsvermə keçirilsə, Rövşən Abdullaoğlu kitabları ən çox oxunan yazardır. Və məncə, təəssüf ki, belədir. Bir var fakt, bir var mənim münasibətim. Mənim münasibətimdən asılı olmayaraq fakt budur. Ən məşhur yazar isə Kəramət Böyükçöldür. Elə siyahıya da böyük fərqlə o başçılıq edir. Qəribəsi isə ağsaqqal şairimiz Zahid Xəilin göstərdiyi çabadır. Kəramət Böyükçöllə əsas rəqabəti o aparır. Kəramət sosial şəbəkə hesabında Zahid Xəlilin universitet rektorlarına özünü tapşırtdığını iddia edir. Tələbələr isə bu haqda Kəramətə yazıblar və tapşırığın əksinə hərəkət edərək ona səs verdiklərini bildiriblər.
Zahid Xəlil də öz növbəsində Kəramətin yalanını çıxarmağa çalışır. Belə bir hadisə olmadığını deyir. Nə üçün? Bildiyim qədər, qalibə yaxşı pul mükafatı veriləcək. Lakin Zahid müəllimin pula görə belə etdiyini düşünmürəm. İşin içində bir az şöhrət də var.
Prosesdən və nəticədən asılı olmayaraq müşahidə etdim ki, bizim yazıçılar ədəbiyyatla, mətnlə, öz yaşadıqları həyat gerçəklikləri, öz taleləri ilə üz-üzə qalmağa hazır deyillər. Onlara da ölkədəki bir çoxu kimi, saxta rəqəmlər lazımdır. Özlərini bu yalana inandırıb xoşbəxt olurlar. Bizdə ciddi əsər yaranmamasının ən vacib səbəblərindən biri də budur. Biz özümüzlə də səmimi davranmağı bacarmırıq.
Şəbnəm Tovuzlunun “vışka”sı...
– Bugünlərdə sosial şəbəkələrdə trendə çevrilən bir paylaşım çıxdı qarşıma. Azərbaycanlıların sevimli müğənnisi Şəbnəm Tovuzlu çıxış edir, deyir, kimsə məndən soruşdu haradasan, dedim, şəkildə görmürsən, Parijdəyəm, o yekə “vışka”nın altında... Daha sonra əlavə edir ki, qızımla brend mallar satan mağazaları gəzdim və özümə min səkkiz yüz dollara balaca bir çanta aldım...
Bəzən belə məsələlərdən danışanda, elə bilirlər kiminsə pulunu hesablayıram, yaxud kiməsə paxıllığım tutur. Qətiyyən belə deyil. Məni sadəcə cəmiyyətin müxtəlif təbəqələri arasında yaranan dəhşətli uçurum narahat edir. Kitab sərgisindən danışdıq. Sizi inandırım, çox gözəl kitab buraxan nəşriyyatlar var ki, bir həftə davam edən sərgi ərzində üst-üstə min səkkiz yüz dollarlıq kitab sata bilməyəcəklər. Elmlər doktoru dostum var, ayda yeddi yüz əlli-səkkiz yüz manat maaş alır. İntellektual bir dostum var, Milan Kundera səviyyəsində qonaq gəlsə, rahatlıqla qarşısına çıxara bilərsən, bu saat boş-bekardır və min manat maaşı olan bir iş tapsa çox sevinər.
Və mən Azərbaycan xalqının seçimlərinə heyrət edirəm. Bir müğənni rahatlıqla ona o qədər də lazım olmayan çantaya min səkkiz yüz dollar verə bilir, alimimiz, ziyalımız, nəşriyyatımız isə bu vəziyyətdədir. Hələ məmurumuz da var... SOCAR-ın keçmiş idarə rəisi, adı vacib deyil, çünki artıq belə hadisələr xarakterik hal alıb, əlli dörd milyonluq yeyinti ilə tutulub, indi isə yüz milyonluq mülkləri aşkara çıxıb.
Bu gedişlə biz ömür boyu Eyfelə yekə bir “vışka” kimi baxacağıq.


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər