Bu mənzillərdə yaşayanlara BƏD XƏBƏR: Proses başlayır, 25 min bina söküləcək
Azərbaycanda sovet dövründən qalma çoxmənzilli binaların gələcək taleyi, onların enerji səmərəliliyinin artırılması və istismar müddətini başa vurmuş tikililərin yenilənməsi məsələsi gündəmdədir. Belə ki, həmin binalar 2060-cı ilədək yenidən izolyasiya oluna bilər. Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf planına əsasən, sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması nəzərdə tutulur. Binaların divarlarına istilik izolyasiyası çəkilməsi, köhnə pəncərələrin isə ikiqat şüşəli, istiliyi daha yaxşı qoruyan pəncərələrlə əvəzlənməsi planlaşdırılır.
Bəs Azərbaycanda istismar müddəti başa çatmış binaların sökülməsinə nə vaxt başlanıla bilər? Bütün köhnə binaların yenilənməsi realdırmı?
Məsələ ilə bağlı News24.az-a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, ölkədə təxminən 25 min çoxmənzilli binanın istismar müddəti başa çatıb. Onun sözlərinə görə, sovet dövründə, xüsusilə 1970-ci illərin ortalarına qədər inşa edilən binaların bir hissəsinin istismar müddəti bitdiyindən, ilk növbədə həmin tikililərin sökülməsi məsələsinə baxılması nəzərdə tutulur:
"Lakin bu, həmin dövrdə tikilmiş bütün binaların avtomatik olaraq söküləcəyi demək deyil. Hər bir binanın texniki vəziyyəti və dayanıqlığı ayrıca qiymətləndirilməlidir. 1974–1975-ci illərdən sonra tikilən binaların bir çoxunun dayanıqlığı hələ qənaətbəxş hesab olunur və yaxın illərdə onların kütləvi şəkildə sökülməsi gözlənilmir. Əsas çətinliklərdən biri bu qədər böyük həcmdə işin həyata keçirilməsi üçün kifayət qədər maliyyə və tikinti resurslarının olmamasıdır".
Ekspert qeyd edib ki, binaların sökülməsi dövlət tərəfindən həyata keçirilsə belə, bunun üçün çox böyük resurs tələb olunur:
"Digər tərəfdən, özəl sektorda da ölkədəki 25 minə yaxın binanın hamısını qısa müddətdə söküb yenidən tikə biləcək qədər tikinti şirkəti yoxdur. Mövcud şirkətlərin də bu miqyasda iş görmək üçün imkanları məhduddur. Sovet dövründə genişmiqyaslı tikinti işləri dövlət müəssisələri, idarələr və kooperasiyalar vasitəsilə həyata keçirilirdi. İndiki şəraitdə isə köhnə binaların hamısının qısa müddətdə yenilənməsi real görünmür. Buna görə də prosesin mərhələli şəkildə aparılması və binaların vəziyyətinə uyğun qərarların qəbul edilməsi vacibdir".
O vurğulayıb ki, binaların texniki vəziyyətinin müəyyənləşdirilməsi və pasportlaşdırılması bu sahədə atılan mühüm addımlardandır, bu proses tikililərin dayanıqlığının, istismar imkanlarının və enerji səmərəliliyinin qiymətləndirilməsinə şərait yarada bilər:
"Binaların enerji səmərəliliyinin artırılması istiqamətində yeni yanaşmalar tətbiq olunmalıdır. Məqsəd istilik itkisinin azaldılması, binaların daha səmərəli qızdırılması və enerji resurslarından qənaətlə istifadə edilməsidir. Binaların enerji göstəricilərinə əsasən A, B, C və D kimi siniflərə ayrılması nəzərdə tutulan yanaşmalardan biridir. Enerji səmərəliliyi aşağı olan tikililərdə isə vəziyyətdən asılı olaraq konstruktiv dəyişikliklərə və digər tədbirlərə ehtiyac yarana bilər".
Elnur Azadov qeyd edib ki, uzunmüddətli perspektivdə günəş enerjisi və istilik nasosları kimi alternativ texnologiyalardan istifadə binaların enerji səmərəliliyinin artırılmasına kömək edə bilər:
"Hava və su mənbələrindən istifadə edən istilik nasosları müasir isitmə sistemlərinin mühüm elementlərindən biridir. Bu texnologiyalar düzgün layihələndirildikdə enerji sərfiyyatını azaltmağa və istilik təminatını daha səmərəli təşkil etməyə imkan verir. Həmin sistemlərin ölkə üzrə geniş tətbiqi üçün müvafiq texniki infrastruktur, normativ baza və texniki şərtlər formalaşdırılmalıdır. Bu, daha çox gələcək illərin texnologiyasıdır. Yaxın müddətdə ölkədə bunun geniş tətbiqi üçün zəruri bazanın və bütün texniki şərtlərin hazır olduğunu düşünmürəm. Müvafiq infrastruktur və normativlər təmin edildikdən sonra bu texnologiyaların tətbiqi mümkün olacaq”.