Ukrayna müharibəsində 2027 proqnozu: Dondurulmuş böhran dövrü başlayır?
23 Oct 2026, 15:22
1 baxış
Admin
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya səfərindən sonra Ukrayna Prezidenti Zelenski deyib ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın əvvəlində keçirilə bilər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə Moskvanın noyabrın 10-dan sonra üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu açıqlayıb.
Məlumata görə, danışıqlarda əsas mövzular müharibənin dayandırılması, atəşkəs, enerji infrastrukturu üzrə hücumların dayandırılması, humanitar təşəbbüslər, hərbi əsirlərin qaytarılması və tərəflər üçün təhlükəsizlik sisteminin qurulması olacaq. Zelenski prosesdə irəliləyiş əldə etmək üçün ABŞ, Rusiya və Ukrayna liderlərinin görüşünün təşkilini istəyib. Rusiya XİN-i isə Putin, Tramp və Zelenski arasında üçtərəfli görüş məsələsi üzərində iş aparıldığını bildirib.
Belə bir görüşün baş tutması realdırmı və nəhayət proses "ölü nöqtədən" tərpənə bilərmi?
Politoloq Tofiq Abbasov “Bakupost”a bildirib ki, Tramp diplomatik siyasi yollarla çalışır ki, Kiyevlə Moskva arasında barışıq mühiti formalaşsın, amma Avropa üçlüyü, Böyük Britaniya, Almaniya və Fransa qəti şəkildə buna qarşı çıxır.
“Buna baxmayaraq, ekspertin fikrincə, Tramp qarşıya qoyduğu məqsədin öhdəsindən tədricən gəlmək üzrədir:
“Zelenski qeyd-şərtsiz danışıqlara getməlidir. Çünki onun heç bir resurs və ehtiyatları yoxdur. O da Ermənistan kimi dilənir. Bir neçə il bundan əvvəl masa arxasında oturmaq üçün imkan yaranmışdı. Lakin London bu planı pozdu və nəticədə Rusiya da itirdi. Amma Ukrayna daha çox itirdi. Krım da daxil ölkənin 5 bölgəsi Rusiyanın nəzarəti altındadır. Vaxtilə 52 milyon əhalisi olan ölkə indi demoqrafiq böhran yaşayır. 12-13 milyon insan ölkəni tərk edib. Müharibəyə göndərməyə də resurs qalmayıb. Həmçinin, Ukraynanın bütün infrastrukturu dağılır. Ona görə də Kiyev danışıqlara getməlidir”.
Politoloqun sözlərinə görə, 2027-ci ilin əvvəlində müharibəyə müvəqqəti son qoyulacaq:
“Bu danışıqların nə dərəcədə uğurlu olub-olmayacağını indidən söyləmək olmaz. Belə başa düşürəm ki, 2027-ci ilin əvvəlində bu müharibəyə müvəqqəti də olsa son qoyula bilər. Ola bilsin bir vaxtlar, atəşkəs rejimi şəraitində Azərbaycanla Ermənistan arasında olan bir vəziyyət yaransın”.
Müsahibimiz deyir ki, danışıqlar başlasa, böhran dondurulacaq:
“Başqa çıxış yolu yoxdur. Bu fonda da hesab edirəm ki, Rusiyanın xeyrinə olan heç-heçə əldə ediləcək. Çünki Rusiya müharibə hesabına özünün çoxsaylı məsələlərini həll etdi. Ukraynanın isə heç bir qazancı yoxdur. Ərazi itkisi, əhalisinin pərən-pərən düşməsi, infrastrukturun sıfırlanması və gələcəklə bağlı cavabı olmayan çoxsaylı suallar. Belədə, Kiyev müharibənin dayandırılmasına razılıq versə, bu onlar üçün bir qədər uduşlu variant da ola bilər”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az