Bu şəhər fəlakət zonası elan edildi – VİDEO
Tailandın paytaxtı Banqkokda güclü yağışların səbəb olduğu daşqınlar fonunda şəhərin bütün 50 rayonu fəlakət zonası elan edilib.
News24.az “Banqkok Post”a istinadən xəbər verir ki, leysan yağışlar paytaxtın müxtəlif ərazilərində daşqınlara səbəb olub.
Xüsusilə Banqkokun şərq hissələrində kanalların su ilə dolması nəticəsində əsas yollar su altında qalıb. Daşqınların vurduğu ziyan və gündəlik həyata ciddi təsiri nəzərə alınaraq, şəhərin bütün rayonlarının fəlakət zonası elan edilməsinə qərar verilib.
Banqkok Metropoliten Administrasiyası (BMA) qərarın daşqından zərər çəkmiş ərazilərdə daha sürətli və koordinasiyalı yardım göstərilməsi məqsədilə qəbul edildiyini açıqlayıb.
Səlahiyyətli şəxslər kanalların yaxınlığında yaşayan sakinlərin risk altında olduğunu bildirərək, yağışların davam edəcəyi təqdirdə qiymətli əşyaların və nəqliyyat vasitələrinin daha yüksək ərazilərə köçürülməsinə çağırış ediblər.
Rəsmilər daşqından zərər çəkmiş ərazilərdə yataq xəstələrinin xəstəxanalara köçürüləcəyini, evlərini tərk etmək məcburiyyətində qalan sakinlərin isə BMA ilə əlaqəli məktəblərdə yerləşdirilə biləcəyini bildiriblər.
Tailandda güclü yağışların sentyabrın 27-dək davam edəcəyi gözlənilir. (Qafqazinfo)