Mərkəzi Bankın köhnə ofisi kimin olacaq?
25 Sep 2026, 14:54
1 baxış
Admin
Azərbaycan Mərkəzi Bankı artıq bir neçə aydır yeni ünvanda fəaliyyət göstərir. Qurum iyunun 22-dən fəaliyyətini Heydər Əliyev prospekti 167 ünvanında yerləşən yeni inzibati binada davam etdirir.
Buna qədər isə Mərkəzi Bank Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binada fəaliyyət göstərib.
“Bakupost” xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti Modern.az-ın göndərdiyi sorğuya cavab olaraq Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binanın hələ də Mərkəzi Banka məxsus olduğunu bildirib.
Beləliklə, Mərkəzi Bank yeni inzibati binaya köçsə də, köhnə inzibati binanın statusunda da hələlik hansısa bir dəyişiklik yoxdur. Köhnə binanın gələcəkdə hansı məqsədlə istifadə olunacağı, başqa qurumun balansına verilib-verilməyəcəyi hələlik məlum deyil.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Bakupost”a bildirib ki, Mərkəzi Bankın köhnə binası bank xidməti üçün ideal məkandır. Çünki onun qızıl valyuta saxlamaq hissəsi də var.
Habelə köhnə bina otaqların quruluşu, konfrans zalı, ümumiyyətlə bankların baş ofisləri üçün əlverişli yerdir”.
Bu mənada iqtisadçı ekspert hesab edir ki, ölkədəki aparıcı banklardan birinin həmin ofisi alması və ya icarəyə götürməsi ehtimalı daha yüksəkdir:
“Bunlar “KapitalBank”, “Beynəlxalq Bank” və yaxud “AzərTürkbank” ola bilər”.
Ekspert bina satışa çıxarılsa, xarici şirkətlərin marağını cəlb edəcəyini isə düşünmür:
“Yerli şirkətlərin də bu istiqamətdə hansısa qərar verəcəklərini zənn etmirəm. Amma icarə müqaviləsi bağlaya bilərlər”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az