Ulduzuna “qarşı çıxan” ekzoplanet kəşf edildi
Yerdən 73 işıq ili uzaqlıqda yerləşən GJ 3090 b ekzoplanetinin öz ulduzunun fırlanma istiqamətinə əks hərəkət etdiyi müəyyənləşdirilib.
News24.az xəbər verir ki, alt-Neptun sinfinə aid olan planetin radiusu Yerdən 2,2 dəfə, kütləsi isə 4,5 dəfə böyükdür. GJ 3090 b-nin orbit müstəvisi ulduzun ekvator müstəvisi ilə 136 dərəcəlik bucaq təşkil edir. Bu göstərici planetin ulduzun fırlanmasına əks istiqamətdə dövr etdiyini göstərir.
Astronomların fikrincə, belə yüksək orbital meyl olduqca nadir hadisədir. İndiyədək bu xüsusiyyətə malik cəmi beş sistem müəyyən edilib.
Lakin GJ 3090 b-ni fərqləndirən əsas məqam sistemdə onun orbitini bu dərəcədə dəyişə biləcək nəhəng planetin və ya "qəhvəyi cırtdan"ın aşkar edilməməsidir.
Alimlər hesab edirlər ki, planetin qeyri-adi orbitinin səbəbi ulduzun keçmişi ilə bağlı ola bilər. Ehtimala görə, ulduz vaxtilə xaricdən gələn, onun əsas diskinə əks istiqamətdə hərəkət edən və uyğunlaşmayan ikinci bir maddə diskindən formalaşıb.
Bu kəşf planet sistemlərinin necə formalaşması və inkişaf etməsi ilə bağlı mövcud nəzəriyyələrin yenidən gözdən keçirilməsini zəruri edir.