“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik” - Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə-ABŞ əməkdaşlığının sülh və sabitliyi irəlilətmək üçün qonşu bölgələrdə də birgə fəaliyyət göstərə biləcəyinə diqqət çəkib.
News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, türkiyəli nazir bu bəyanatları Nyu-Yorkda təşkil olunan “100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri” panelində çıxışı zamanı səsləndirib.
Hakan Fidan Qafqazda Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini tam dəstəklədiklərini vurğulayıb. O, həmçinin Qara dənizdə gərginliyin artması risklərini azaltmağı, gəmilərin təhlükəsiz hərəkətini təmin etməyi və Qara dənizi problem mənbəyi deyil, əməkdaşlıq mənbəyinə çevirməyi hədəflədiklərini bildirib.
Nazir Ukraynada qalıcı sülhə nail olmaq üçün dialoq və diplomatiyanı dəstəklədiklərini qeyd edərək, bu məqsədlə həm Kiyev, həm də Moskva ilə rabitə kanallarının açıq saxlanıldığını diqqətə çatdırıb. (Qafqazinfo)