Digər

Fransanın Azərbaycandakı layihələri dayandırıla bilər - AÇIQLAMA

19 Sep 2026, 20:18 2 baxış Admin
Fransanın Azərbaycandakı layihələri dayandırıla bilər - AÇIQLAMA

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycana səyahət xəbərdarlığı edib. O, Azərbaycana səyahət xəbərdarlığını “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” iddiaları ilə əsaslandırmağa çalışıb. Məsələyə Azərbaycan tərəfi rəsmi cavab verib.
Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasını qətiyyətlə pisləyib və rədd edib:
"Ayrı-ayrı cinayət işləri üzrə Azərbaycan qanunvericiliyinə uyğun həyata keçirilən məhkəmə proseslərinin siyasi mülahizələr əsasında təqdim edilməsi və Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir.
Fransanın Azərbaycanla bağlı belə ittihamlar səsləndirərkən öz hüquq-mühafizə və penitensiar sistemində mövcud problemləri nəzərə almaması diqqətdən kənarda qala bilməz. Bununla yanaşı, Fransa tərəfinin beynəlxalq hüquqi pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur.
Fransa tərəfini Azərbaycanla bağlı əsassız və qərəzli iddialardan çəkinməyə, ölkəmizin suverenliyinə və daxili işlərinə hörmət etməyə və ikitərəfli münasibətlərə zərər vuran yanaşmalara son qoymağa çağırırıq".
"Bakupost" xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov Fransanın bu çağırışının onun regionda sülh prosesinə zərbə vurmaq, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaq niyyətini bir daha açıq şəkildə üzə çıxardığını bildirib:
"Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı səyahət xəbərdarlığını sərtləşdirərək bunu guya “özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski” kimi absurd iddialarla əsaslandırması Parisin uzun müddətdir Cənubi Qafqazda yürütdüyü qərəzli və destruktiv siyasətin növbəti təzahürüdür. Bu addım Bakı ilə Paris arasında artıq kritik həddə çatmış diplomatik gərginliyi daha da dərinləşdirir və Fransanın regionda sülh prosesinə zərbə vurmaq, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmaq niyyətini bir daha açıq şəkildə üzə çıxarır. Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə dəstəkləyən, onu silahlandıran, BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı platformalarında Azərbaycana qarşı sanksiyaların qəbul edilməsinə uğursuz cəhdlər göstərən Paris rəhbərliyi, indi də informasiya müharibəsi və siyasi təzyiq alətlərindən istifadə edərək öz hədəflərinə çatmağa çalışır. Fransa bu cür əsassız ittihamlarla həm öz vətəndaşları arasında süni qorxu yaratmaq, həm də beynəlxalq ictimaiyyətə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədi güdür, lakin bu yanaşma ikitərəfli əlaqələrin gələcəyini daha böyük qeyri-müəyyənliyə sövq edir".
Parlamentari vurğulayıb ki, mövcud diplomatik böhran kontekstində Fransanın bu addımı Azərbaycan tərəfindən cavabsız qalmayacaq:
"Fransanın bu addımları yaxın perspektivdə ikitərəfli münasibətlərdə daha sərt siyasi, diplomatik, eləcə də iqtisadi məhdudiyyətlərin gündəmə gəlməsini qaçılmaz edir. Azərbaycan öz suverenliyinə, məhkəmə hakimiyyətinə və təhlükəsizlik sisteminə qarşı bu cür əsassız müdaxilələrə hər zaman adekvat cavab verib və bu dəfə də analoji diplomatik addımların atılması gözləniləndir. Belə ki, Bakı rəsmi təmasların minimuma endirilməsi, Fransanın regiondakı iqtisadi və mədəni layihələrinin fəaliyyətinə məhdudiyyətlərin qoyulması və ya tamamilə dayandırılması kimi qərarları nəzərdən keçirə bilər. Eyni zamanda, Fransanın Yeni Kaledoniya və digər dənizaşırı ərazilərindəki neokolonial siyasətinə qarşı Azərbaycanın beynəlxalq müstəvidə yürütdüyü prinsipial xəttin daha da gücləndirilməsi və Parisin müstəmləkəçilik keçmişinin ifşa olunması istiqamətindəki fəaliyyətin genişləndirilməsi gözlənilən addımlar sırasındadır. Yaxın perspektivdə Bakı və Paris arasında münasibətlərin normallaşması və ya hər hansı müsbət dinamikanın yaranması real görünmür, əksinə, tərəflər arasında soyuq müharibə fazasının daha da dərinləşəcəyi proqnozlaşdırılır. Fransa rəhbərliyi Ermənistanı revanşizmə təhrik edən siyasətindən və Azərbaycana qarşı qərəzli ritorikasından imtina etmədikcə, ikitərəfli əlaqələrin bərpası imkansız olaraq qalacaq. Nəticə etibarı ilə Fransanın bu təxribatçı qərarı Parisin Cənubi Qafqazdakı vasitəçilik və təsir imkanlarını tamamilə sıfırlayır, onu regiondakı bütün sülh və əməkdaşlıq formatlarından təcrid edir və Bakı–Paris xəttində uzunmüddətli sistemli diplomatik böhranın təməlini qoyur".
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər