Dünya

Paşinyan 102-ci bazanı ölkədən çıxarmağa çalışır – İrəvanda gərginlik

18 Sep 2026, 16:46 2 baxış Admin
Paşinyan 102-ci bazanı ölkədən çıxarmağa çalışır – İrəvanda gərginlik

Rusiya Ermənistanı Avropa İttifaqına (Aİ) üzv olmaq və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaqla bağlı referenduma sürüklədiyi kimi, İrəvan da öz növbəsində ölkədəki 102-ci rus hərbi bazasına münasibətdə təpkilərini artırır.
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Gümrüdə 102-ci Rusiya hərbi bazasının mövcudluğunun məqsədəuyğunluğuna toxunub:
"Biz bu məsələni qaldırmadıq, çünki Rusiya dost ölkədir. İstəsələr, sabah bazalarını geri çəkə bilərlər və əgər saxlamaq istəsələr, biz məsələni müzakirə etməyə hazırıq.
Bizə Rusiya bazası lazım deyil. Rusiya onu geri çəkmək istəsə, sabah çıxara bilərlər və əgər saxlamaq istəsələr, Ermənistanda ehtiyacımız olmayan bir şeyin saxlanılması şərtlərini müzakirə etməyə hazırıq! Bu mövqedə nə aydın deyil? Mən açıq danışıram: 102-ci hərbi bazanın mövcudluğu Ermənistana təhlükəsizlik baxımından heç nə vermir", - deyə Paşinyan bildirib.
Siyasi şərhçi Azər Qasımov “Bakupost”a bildirib ki, Paşinyan Ermənistanın taleyini qumara qoyduğunu yaxşı başa düşür:
“102-ci bazanın mahiyyətini kiçilkdərək onu Ermənistanın təhlükəsizliyi səviyyəsinə qədər endirir. Əslində isə hamıya bəllidir ki, 102-ci bazanın Ermənistanda varlığı Rusiyanın cənub cinahında yerləşən NATO ölkəsi olan Türkiyənin varlığına qarşıdır. Bu, Sovet İttifaqı vaxtından belədir. Sovet İttifaqı dağılsa da, Türkiyənin NATO üzvü olması yerində qalır. Türkiyə və Rusiya nə qədər bir-birinə yaxın kimi görünsələr də, əks qütbləri təmsil edirlər”.
Bu baxımdan ekspertin sözlərinə görə, Rusiyanın Ermənistandan çıxması cənub cinahının boş qalması anlamına gəlir.
O qeyd edir ki, Paşinyanın özünü bunları bilməmiş kimi göstərərək, Rusiyaya həmin bazanı boşaltmasını işarə etməsi əslində onun özünü ciddi təhdid altına alır:
“Rusiya Ermənistandan çıxmaqdansa, onu yox edər, amma oradan çıxmaz. Paşinyan isə bunu sərt şəkildə tələb etməkdən çəkindiyi üçün, ironik şəkildə bəyan edir”.
A.Qasımovun fikrincə, Paşinyanın bu istəyi, əslində Qərb alyansının istəyidir:
“Onlar Paşinyanı irəli veriblər. Putinin guya lazım olsa, bazanı bir neçə günə çıxara biləcəklərini deməsi də blefdir. Bu baza Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Hesab edirəm ki, 102-ci bazanın Ermənistanda mövcudluğu uzun müddət davam edəcək. Rusiya buradan çıxmaz”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər