Bu əlamətlər varsa, insult ola bilərsiniz – həkim xəbərdarlıq etdi
Neyrocərrah Viktor Espindola insultdan əvvəl insan orqanizmində xəbərdarlıqedici simptomların yarandığını bildirib.
News24.az xəbər verir ki, onun bu fikirlərini “Terra” nəşri yayıb. Həkimin sözlərinə görə, bəzi insanlarda insultdan həftələr, hətta aylar əvvəl keçici işemik tutma (TİA) baş verir. Bu vəziyyət bəzən “mini-insult” kimi də xarakterizə olunur və daha ciddi insultun xəbərçisidir.
Espindola keçici işemik tutmanın əsas əlamətləri arasında bədənin bir tərəfində qəfil zəiflik və ya uyuşma, ağızın əyilməsi, danışmaqda çətinlik, görmə problemləri, başgicəllənmə və tarazlığın itirilməsini sadalayıb.
Həkim qeyd edib ki, bu simptomlar adətən bir neçə dəqiqə və ya saat ərzində aradan qalxır. Lakin əlamətlərin keçməsi təhlükənin sovuşduğu anlamına gəlmir.
Onun sözlərinə görə, keçici işemik tutma zamanı beyin qan dövranındakı pozuntu müvəqqəti olduğundan müayinə və bəzi testlər zamanı heç bir dəyişiklik aşkarlanmaya bilər. Buna görə belə simptomlar müşahidə edildikdə vaxt itirmədən tibbi yardım almaq vacibdir.