Dostunun ad günü hədiyyəsi onu milyonçu etdi
ABŞ-nin İllinoys ştatında yaşayan kişi dostunun ad günü münasibətilə hədiyyə etdiyi lotereya bileti ilə 1 milyon dollar qazanıb.
News24.az xəbər verir ki, kişinin həyat yoldaşı onun üçün böyük ad günü məclisi təşkil edib. Məclis zamanı dostu ona içərisində bir neçə lotereya bileti olan zərf verib.
Biletlərdən biri uğurlu olub. Avqustun 8-də alınan “Lotto Million 2” bileti sahibinə 1 milyon dollarlıq əsas mükafat qazandırıb.
Kişi əvvəlcə cekpot qazandığını anlamayıb. Dostundan da bileti yoxlamağı xahiş edib. Lakin dostu da səhv edərək uduşun cəmi 1000 dollar olduğunu düşünüb.
“Düşündüm ki, 1000 dollar pis deyil, əla gündür”, – deyə qalib bildirib.
Daha sonra kişi həyat yoldaşı ilə birlikdə 1000 dolları götürmək üçün lotereya mərkəzinə gedib.
Lakin mərkəzin əməkdaşı onlara biletin əslində 1 milyon dollar qazandırdığını bildirib.
Kişinin sözlərinə görə, həyat yoldaşı bu xəbəri eşidəndə təəccübdən ağlamağa başlayıb.
Digər xətt üzrə iki rəqəmi düzgün uyğunlaşdırdığı üçün həmin bilet onlara əlavə 2 dollar da qazandırıb.
Cütlük qazandıqları pulların bir hissəsini Floridada yaşayan qohumlarını hər il ziyarət etmək üçün səfərlərə xərcləməyi planlaşdırır. Onlar həmçinin yeni avtomobil və qolf arabası almağı düşünürlər.
Ailə evliliklərinin 40-cı ildönümünü və uşaqlarının ad günlərini qeyd etmək üçün kruiz səfərinə çıxmağı da planlaşdırır.