"Nəvələrim bu xəbəri eşidəndə boynuma sarıldılar" - 58 yaşında tələbə olan baba
Ali təhsil müəssisələrinə qəbul olan ən gənc və ən yaşlı tələbənin adları açıqlandı.
Builki ən yaşlı tələbə 58 yaşlı Hüseynov Elbrus İsmayıl oğludur.
O, subbakalavr kimi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya sistemləri mühəndisliyi ixtisasına əyani təhsil forması üzrə dövlət sifarişi əsasında qəbul olub.
News24.az xəbər verir ki, AzEdu.az bu münasibətlə Elbrus Hüseynovla əlaqə saxlayıb.
O qeyd edib ki, qrupun ən yaşlı tələbəsi olsa da, bunu problem kimi görmür və özünü gənclərin arasında gənc hiss edəcəyini düşünür:
“Kollecdə mühəndislik üzrə təhsil almışam, qiymətlərim də yaxşı olub. Ondan sonra qərara gəldim ki, yenidən universitetə sənəd verim. Şükürlər olsun, qəbul oldum. Çalışacağam ki, həm işimə, həm də universitetdəki təhsilimə maneə yaratmadan təhsilimi başa vurum.
Azərbaycan Memarlıq və İnşaat Universitetində əyani təhsil alacağam. Qrupun ən yaşlı tələbəsiyəm, amma bunu heç bir problem kimi görmürəm. Özümü də həmin gənclərin içində gənc hesab edəcəyəm. Mənim ən böyük arzum həmişə tələbə olmaq idi. Lazım gələrsə, onlara köməklik göstərməyə də hazıram.
Oxumaq həvəsi məndə uşaqlıqdan olub. Atasız böyümüşəm. İmkansızlıqdan, düzdür, orta məktəbdə yaxşı oxumuşam, amma vaxtilə universitetin qapısını açmağa belə imkanım olmayıb. Amma uşaqlıqdan arzum olub ki, nəyin bahasına olursa-olsun, universitetə qəbul olum. O da bu ilə təsadüf etdi, şükürlər olsun.
Təhsilimi bitirdikdən sonra, Allah ömür versə, magistratura təhsilimi də başa vurmaq istəyirəm.
İnsan, birincisi, hər şeyə qadirdir. İkincisi də, həvəsdən düşmək lazım deyil. Görün, mən nə qədər çətinliklərlə qarşılaşmışam, atasız böyümüşəm... Bu qədər əzab-əziyyətin qarşısında qarşıma məqsəd qoymuşam ki, nə vaxtsa universitetə qəbul olacağam. İnsan qarşısına məqsəd qoyursa, tez və ya gec ona nail olmalıdır.
Ən yaşlı tələbə statusunda olmaq çox gözəl hissdir. Sevincimin həddi-hüdudu yoxdur, inanın. Nəvələrim bu xəbəri eşidəndə boynuma sarıldılar. Mənim üçün ən böyük xoşbəxtlik də nəvələrimin sevincini görmək oldu".