“Azərbaycan Özbəkistan üçün Avropaya açılan qapıdır” – Deputat
25 Aug 2026, 13:50
1 baxış
Admin
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, burada keçirdiyi görüşlər, iki ölkə arasında imzalanan sənədlər regionda geniş rezonans doğurub.
Əldə edilən nəticələr onu deməyə əsas verir ki, bu iki qardaş ölkə əməkdaşlığı inkişaf etdirməkdə, əlaqələri genişləndirməkdə maraqlıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Bakupost”a bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı iki qardaş ölkə arasında 13 sənəd imzalanıb:
“Bunların içində ən əhəmiyyətlisi isə, heç şübhəsiz, imzalanan “Əbədi dostluq haqqında Müqavilə”dir”.
Deputatın fikrincə, bu sənəd xalqlarımızın dünənki tarixi münasibətlərinin xülasəsi, bugünkü zərurətin təsdiqi və ifadəsi, habelə gələcək nəsillərin belə bir dostluğa hazırlanması konsepsiyasıdır:
“Ona görə də imzalanan bütün digər müqavilələr məhz bu dostluğun təbiətindən irəli gələn geoiqtisadi və geosiyasi istiqamətləri özündə ehtiva edir. İmzalanmış sənədlərdə nəzərdə tutulan məqsədlərin layihələşdirilməsi, onların həyata keçməsi hər iki qardaş xalqa rifah gətirəcək və hər iki dövləti gücləndirəcək. Bu isə, şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində Azərbaycan və Özbəkistanın yerini daha da möhkəmləndirəcək, daha da güclü edəcək”.
Müsahibimizin sözlərinə görə, Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində ölkəmiz həm də qardaş Özbəkistan üçün Avropaya açılan qapı rolunu oynayır:
“Burada da həm tranzit, həm əməkdaşlıq, həm də istehsal kontekstində münasibətlərin dərinləşməsi iki ölkənin iqtisadiyyatına böyük dividendlər gətirəcək.
Daha bir məsələ “Əbədi dostluq haqqında Müqavilə”nin əbədi olması üçün elmi, mədəni, bədii, ədəbi mühitin canlı tutulması və hər iki ölkədə qarşılıqlı şəkildə təbliğ olunmasıdır. Bu, indiyə qədər öz-özlüyündə baş verirdisə, indi artıq nəzərdə tutulan sənədlər çərçivəsində daha səmərəli və daha davamlı şəkildə həyata keçiriləcək”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az