Bakıdan Daşkəndə yeni tarixi missiya – İlham Əliyevin səfəri nəyi dəyişdi?
24 Aug 2026, 18:40
2 baxış
Admin
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri olduqca mühüm əhəmiyyət kəsb edib.
Prezident səfər çərçivəsində Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında iştirak edərək Zəngəzur dəhlizi barədə danışıb.
Bundan başqa, iki ölkə arasında 11 maddəlik “Əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Ona əsasən, iki ölkə digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək hər hansı blok və ya ittifaqda iştirak etməməyi öhdəsinə götürür.
Daşkənddə hər iki ölkə prezidentinin iştirakı ilə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanması, həmçinin ölkələrimiz arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. Nəticədə bank sektoru, müasir tikinti materiallarının istehsalı, təhsil müəssisələrinin yaradılması, yanacaqdoldurma infrastrukturu, iri turizm və yaşayış komplekslərinin tikintisi, mineral xammalın emalı və bağçılığın inkişafını nəzərdə tutan birgə layihələrə start verilib. Razılaşmaya əsasən, Azərbaycan Özbəkistanın turizm sahəsinə 5 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edilib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə “Bakupost”a bildirib ki, Azərbaycan və Özbəkistan Türk dünyasının ayrılmaz tərkib hissələridir:
“Dostluğumuz tarixdən gəlir, bir kökdən, bir mədəniyyətdən, bir düşüncədənik. Hər zaman Azərbaycan və özbək xalqları arasında möhkəm dostluq olub. İki ölkə arasında imzalanan Əbədi dostluq haqqında Müqavilə əslində real mövcudluğun sadəcə sənədə köçürülməsidir”.
Deputat qeyd edir ki, Azərbaycan Prezidentinin dost, qardaş ölkə olan Özbəkistana səfəri əlaqələrimizin olduqca dərin, geniş və əhatəli olduğundan və bu münasibətlərin inkişafına hər iki dövlətin böyük maraq göstərdiyindən xəbər verir:
“Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiyaları, ayrı-ayrı iqtisadi layihələrin təşəbbüskarı olması dostluğumuzun bariz nümunəsidir. Eyni zamanda, özbək şirkətləri də Azərbaycana böyük maraq göstərirlər. Özbəkistan birincilərdən olaraq öz vəsaiti hesabına işğaldan azad olunmuş ərazilərimizdə orta məktəb tikib. Füzulidə yerləşən Mirzə Uluqbəy adına orta məktəbin rəhbərinin Prezidentin Özbəkistan səfəri zamanı nümayəndə heyətinin tərkibində olması da bu dostluğun növbəti göstəricisi sayıla bilər”.
A.Mirzəzadənin sözlərinə görə, səfər göstərdi ki, əlaqələrimiz bundan sonra daha da genişlənəcək:
“Bütün sahələrdə birlikdə, yanaşı olacağıq. Sevincimiz həmişə bir olacaq. Yaşanan hansısa bir problemə qarşı da mütləq birgə mübarizə aparacağıq. Azərbaycan öz tərəfindən bu münasibəti göstərir. Özbəkistan da Azərbaycanla dostluğa, qardaşlığa səmimiyyətini həmişə nümayiş etdirib. Azərbaycan Prezidentinin səfəri də bunu bir daha təsdiqlədi”.
Milli Məclisin deputatı Arzuxan Əlizadə hesab edir ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə keçdiyini nümayiş etdirən mühüm siyasi hadisədir:
“Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan–Özbəkistan əlaqələrinin yalnız siyasi müstəvidə deyil, iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, investisiya, humanitar və digər istiqamətlərdə də genişləndirilməsinə ciddi zəmin yaradır. Xüsusilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutan razılaşmalar qarşılıqlı etimadın və strateji tərəfdaşlığın daha da möhkəmləndiyini göstərir”.
Deputat bildirir ki, bu səfərin Azərbaycan üçün əsas əhəmiyyətlərindən biri Mərkəzi Asiya ilə əlaqələrimizin daha da dərinləşdirilməsidir:
“Özbəkistan regionun ən böyük və mühüm dövlətlərindən biri olmaqla yanaşı, Türk dünyasında Azərbaycanın yaxın tərəfdaşlarından biridir. Nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının artırılması və yeni iqtisadi layihələrin həyata keçirilməsi Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu daha da gücləndirə bilər”.
Həmsöhbətimiz düşünür ki, Prezident İlham Əliyevin Özbəkistan səfəri təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir:
“Azərbaycan və Özbəkistanın koordinasiyalı fəaliyyəti Türk dövlətləri arasında iqtisadi əlaqələrin, nəqliyyat bağlantılarının və qarşılıqlı investisiyaların artmasına ciddi töhfə verə bilər. Hesab edirəm ki, səfər çərçivəsində əldə olunan razılaşmalar gələcəkdə həm Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələyə yüksəlməsinə, həm də regionda daha sıx əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına xidmət edəcək”.
Rüfət SultanBakuPost
Mənbə:
bakupost.az