Dünya

Gürcüstanın keçmiş baş nazirinə ağır ittiham –

24 Aug 2026, 17:20 2 baxış Admin
Gürcüstanın keçmiş baş nazirinə ağır ittiham –

Gürcüstanın həbsdə olan keçmiş baş naziri İrakli Qaribaşviliyə qarşı yeni korrupsiya ittihamı irəli sürülüb.
"Bakupost" xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu keçmiş hökumət başçısını bir qrup şəxslə əvvəlcədən razılaşaraq xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edir.
Baş prokurorun müavini Amiran Quluaşvilinin açıqlamasına görə, istintaq zamanı həbsdə olan keçmiş müdafiə naziri Juanşer Burçuladze də ifadə verərək istintaqla əməkdaşlıq edib.
İş üzrə mühüm ifadələrdən birini Burçuladzenin qohumu Vasil Mxeidze verib. O, avqustun 12-də könüllü şəkildə prokurorluğa müraciət edərək istintaqla əməkdaşlıq etmək istədiyini bildirib.
İstintaqın versiyasına görə, korrupsiya sxemi 2022-ci ilin sonlarından Müdafiə Nazirliyi üçün bahalı tibbi avadanlıqların məxfi satınalınması zamanı qurulub.
Prokurorluq bildirir ki, üç satınalma çərçivəsində real dəyəri təxminən 11,5 milyon lari olan tibbi avadanlıq və digər inventarlar Müdafiə Nazirliyinə 18,48 milyon lariyə satılıb. Nəticədə dövlətə təxminən 6,98 milyon lari zərər vurulduğu iddia edilir.
İstintaqın versiyasına əsasən, satınalmalar müqabilində ümumilikdə 1,9 milyon lari qeyri-qanuni ödəniş verilib. Bunun 1,5 milyon larisi keçmiş müdafiə naziri Juanşer Burçuladzeyə çatıb. Prokurorluğun iddiasına görə, Burçuladze həmin vəsaitin 750 min larisini özündə saxlayıb, digər 750 min larini isə bir neçə mərhələdə İrakli Qaribaşviliyə rüşvət kimi verib.
Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin dövlət-siyasi vəzifə tutan şəxsin qrup halında xüsusilə külli miqdarda rüşvət almasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələr üzrə onu 11 ildən 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, İrakli Qaribaşvili artıq başqa cinayət işi üzrə həbsdədir. O, qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı əvvəlki iş üzrə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yeni ittihamla bağlı prokurorluq məhkəməyə ilkin dinləmənin təyin edilməsi üçün müraciət edəcək.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər