Digər

Özbəkistanla 1 milyardlıq hədəfdən daha böyük qazanc

24 Aug 2026, 14:50 2 baxış Admin
Özbəkistanla 1 milyardlıq hədəfdən daha böyük qazanc

Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin genişlənməsi iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, birgə istehsal və investisiya imkanlarını da genişləndirə bilər.
İqtisadçı-ekspert Eldəniz Əmirov “Bakupost”a bildirib ki, hazırda iki ölkə arasında 1 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi səsləndirilsə də, münasibətlər artıq mal və xidmətlərin alınıb-satılması mərhələsindən daha geniş əməkdaşlıq səviyyəsinə çatıb.

Onun sözlərinə görə, hazırda birgə istehsalın formalaşdırılması, investisiya fəaliyyəti, sənaye və kənd təsərrüfatı istehsalı üçün əlverişli şərait yaranıb.
Ekspert qeyd edib ki, Azərbaycanın maliyyə və sığorta xidmətləri, dəhliz infrastrukturunun inkişafı və Orta Asiya üçün Qərbə açılan qapı olması, Özbəkistanın isə vergi, gömrük, investisiyaların cəlb edilməsi və sənaye istehsalının sürətləndirilməsi sahəsində əldə etdiyi təcrübə birgə istehsal sahələrinin, sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına imkan verir.
Eldəniz Əmirovun fikrincə, iki ölkə arasında qarşılıqlı iqtisadi fəaliyyət üçün kifayət qədər hüquqi əsas və sınaqdan keçmiş əməkdaşlıq təcrübəsi mövcuddur.
“Düşünürəm ki, Azərbaycanın ən böyük iqtisadi qazancı bilavasitə təkcə tranzit daşımacılığı istiqamətində deyil”, – deyə ekspert vurğulayıb.
O bildirib ki, dəhlizlər yalnız tranzit gəlirləri yaratmır, eyni zamanda onların ətrafında yeni istehsal və xidmət sahələrinin, anbar infrastrukturunun, maliyyə və sığorta xidmətlərinin formalaşmasına şərait yaradır.
Ekspertin sözlərinə görə, Azərbaycan Özbəkistanla birgə əməkdaşlıq çərçivəsində həm birgə dəyər yarada, həm də bu dəyəri ixrac edə bilər. Eyni zamanda Orta Asiyanın Qərbə, xüsusilə Şərqi Avropa və Avropaya açılması istiqamətində tranzit daşımalarının yaratdığı digər iqtisadi effektlərdən yararlanmaq mümkündür.
Vüsalə Hüseynova,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər