Digər

Azərbaycanda insanlar bank kartlarından kütləvi imtina etsə,

24 Aug 2026, 14:00 2 baxış Admin
Azərbaycanda insanlar bank kartlarından kütləvi imtina etsə,

Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Yeni qaydalara əsasən, gün ərzində kartlara mədaxil və kartdan-karta köçürmələr üzrə maksimum 5 əməliyyat aparmaq mümkündür.
Yeni qaydaların şəffaflığın artırılması, fırıldaqçılığın, vergidən yayınmanın və qanunsuz mərc oyunlarının qarşısının alınmasına xidmət etdiyi bildirilir. Lakin məhdudiyyətlərin vətəndaşların gündəlik ödənişlərinə təsiri ilə bağlı müzakirələr davam edir. Xüsusilə sosial şəbəkələr üzərindən satış edən kiçik sahibkarlar və fərdi xidmət göstərən – sürücülər, vizajistlər, kosmetoloqlar, fotoqraflar, dizaynerlər, SMM mütəxəssisləri və digər freelancerlər yaranmış vəziyyətdən narazıdırlar.
Bir çoxları hesab edir ki, bu məhdudiyyətlər vətəndaşların öz vəsaitlərindən istifadəsini çətinləşdirir. Bildirilir ki, problemin həlli üçün daha optimal mexanizmlər tətbiq olunmalı, banklar bu istiqamətdə alternativ həllər üzərində düşünməlidir. Əks halda, məhdudiyyətlərin davam etməsi insanları elektron ödənişlərdən yenidən nağd ödənişlərə yönəldə bilər. Bu isə nağd pul dövriyyəsinin artmasına və iqtisadi əməliyyatların şəffaflığının azalmasına səbəb ola bilər.
Hətta sosial şəbəkələrdə limitlərə etiraz fonunda bank kartlardan kütləvi imtina edilməsi çağırışları səsləndirilir.
Bəs daha optimal həll yolları nələrdir? Vətəndaşlar kütləvi şəkildə kartlardan istifadədən imtina edərsə, gələcəkdə hansı maliyyə və iqtisadi risklər yarana bilər?
Mövzu ilə bağlı “Bakupost”a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məqsəd fırıldaqçılığın, vergidən yayınmanın və qanunsuz ödənişlərin qarşısını almaqdırsa, bütün istifadəçilərə eyni məhdudiyyəti tətbiq etməkdənsə, risk əsaslı yanaşmadan istifadə etmək daha səmərəli olar:
“Məsələn, şübhəli əməliyyat nümunələri avtomatik aşkarlanaraq həmin hesablar daha ciddi yoxlanıla bilər. Eyni zamanda, kiçik sahibkarlar və fərdi xidmət göstərən şəxslər üçün sadələşdirilmiş biznes kartları, aşağı komissiyalı ödəniş həlləri və daha çevik limitlər tətbiq oluna bilər. Banklar da tez-tez təkrarlanan kiçik məbləğli köçürmələri ayrıca qiymətləndirən mexanizmlər qura bilərlər ki, adi gündəlik ödənişlər çətinləşməsin”.
A.Nəsirli vurğulayıb ki, vətəndaşlar kütləvi şəkildə kartlardan uzaqlaşıb nağd ödənişlərə üstünlük versələr, bunun bir neçə mənfi nəticəsi yarana bilər:
“Elektron ödənişlərin payı azalar, iqtisadiyyatın şəffaflığı zəifləyər, nağd pul dövriyyəsi artar və vergidən yayınma riskləri yüksələr. Bundan başqa, banklarda dövr edən vəsaitin azalması ödəniş ekosisteminin inkişafına, rəqəmsal xidmətlərə və maliyyə texnologiyalarına da mənfi təsir göstərə bilər. Uzunmüddətli dövrdə insanların elektron ödəniş sistemlərinə etimadının zəifləməsi həm banklar, həm də iqtisadiyyat üçün arzuolunmaz nəticələr yarada bilər”.
Lalə Novruz, BakuPost


Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər