Ad dəyişdiriləndə kredit borcları sıfırlanır?
07 Aug 2026, 22:43
3 baxış
Admin
Azərbaycanda ad və soyadın dəyişdirilməsi qanunvericiliklə təmin olunan hüquqlardan biridir. Lakin bəzi hallarda belə dəyişikliklərin şəxsin əvvəlki hüquqi öhdəliklərindən yayınmasına imkan yaradıb-yaratmadığı ilə bağlı suallar yaranır.
Bəs adını və ya soyadını dəyişən şəxs əvvəllər götürdüyü kreditlərdən, bağladığı müqavilələrdən və digər hüquqi öhdəliklərdən yayına bilərmi? Qanun bu cür halların qarşısını almaq üçün hansı hüquqi mexanizmləri nəzərdə tutur?
"Bakupost" xəbər verir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Vəfa Qədirova şəxsin adını və ya soyadını dəyişdirməsinin onun əvvəlki adı ilə götürdüyü kreditləri, bağladığı müqavilələri və digər hüquqi öhdəliklərini ləğv etmədiyini bildirib Çünki borc öhdəliyi fiziki şəxsin kimliyinə şamil edilir, onun ad və soyadına deyil.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.4-cü maddəsinə əsasən, fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı var:
“Fiziki şəxsin adını dəyişdirməsi onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və həmin şəxslərin ad dəyişikliyindən xəbərsiz olmasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı var ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
Bu cür yayınma cəhdlərinin qarşısını alan əsas hüquqi mexanizmlərdən biri unikal və dəyişməz FİN koddur (şəxsi identifikasiya nömrəsi). Kredit tarixçələri və bank sistemləri ad-soyadla deyil, şəxsiyyət vəsiqəsindəki unikal FİN kodu ilə işləyir. Ad-soyad dəyişsə də, həmin kod eyni qalır.
Əvvəlki adla başlanmış məhkəmə və ya icra işləri yeni adla, lakin eyni FİN kodu və pasport məlumatları əsasında problemsiz davam etdirilir. Öhdəlikdən yayınmaq məqsədilə məlumat verməmək və ya qəsdən çaşqınlıq yaratmaq vətəndaşı məsuliyyətdən azad etmir, əksinə, hüquqi prosesləri daha da sərtləşdirir”, - deyə hüquqşünas fikrini tamamlayıb.
Mənbə:
bakupost.az