“YayFest 2026”nın “Müasir Şəhərlər və Texnologiya” düşərgəsinə start verildi – VİDEO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Yay Fest 2026”in sayca 4-cü olan “Müasir Şəhərlər və Texnologiya” düşərgəsinə start verilib.
News24.az xəbər verir ki, 3-7 avqust tarixlərini əhatə edən düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar düşərgə ərazisinə yollanaraq onlar üçün hazırlanmış zəngin proqramla tanış olublar.
Düşərgə ərazisinə çatdıqdan sonra iştirakçılar çadırlarda yerləşiblər. Ardınca onlara düşərgə qaydaları və proqramı barədə məlumat verilib.
Düşərgənin ilk günündə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Ceyhun Hüseynov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Ayxan Allahverdiyev çıxış edərək gənclərin innovativ düşüncə, rəqəmsal bacarıq və komanda birliyinin inkişafında bu kimi layihələrin əhəmiyyətini vurğulayıblar. Rəsmi çıxışlardan sonra iştirakçılar üçün bədii hissə təşkil olunub. “Azərbaycan Mədəniyyəti” sosial şəbəkə platformasının üzvləri və istedadlı gənclərin təqdimatında milli musiqilərdən ibarət musiqili proqram iştirakçılara təqdim olunub.
Günün davamında gənclər üçün komanda oyunları təşkil edilib. Düşərgənin ilk günü axşam saatlarında gənclərin sevimli musiqilərindən ibarət əyləncəli proqram ilə yekunlaşıb.
Qeyd edək ki, “Müasir Şəhərlər və Texnologiya” düşərgəsinin əsas məqsədi gənclərin müasir şəhərsalma, innovasiya, rəqəmsal texnologiyalar və dayanıqlı inkişaf istiqamətlərində bilik və bacarıqlarının artırılması, onların komanda işi və liderlik kompetensiyalarının inkişafına töhfə verməkdir. Düşərgə 7 avqust tarixinədək müxtəlif təlimlər, panel müzakirələri, praktiki fəaliyyətlər və əyləncə proqramları ilə davam edəcək.
“Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan Yay Fest 4 sentyabradək mərhələli şəkil 8 düşərgə təşkil olunacaq.
Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün Yay Fest’in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.