Cəmiyyət

Xəzər sahillərində ilan həyəcanı: Təhlükə realdırmı? - Açıqlama

05 Aug 2026, 19:18 2 baxış Admin
Xəzər sahillərində ilan həyəcanı: Təhlükə realdırmı? - Açıqlama

Son günlər sosial şəbəkələrdə Xəzər dənizində ilanların çoxaldığını əks etdirən videogörüntülər geniş yayılıb. Həmin kadrlar qısa müddətdə böyük marağa səbəb olmaqla yanaşı, dəniz sahillərinə üz tutan vətəndaşlar arasında narahatlıq yaradıb. Görüntülərdə sahilə yaxın ərazilərdə çoxsaylı ilanların müşahidə olunması onların təhlükəli olub-olmaması və saylarının həqiqətən artıb-artmaması ilə bağlı sualları gündəmə gətirib.

Bəs ilanların artmasına səbəb nədir?

Məsələ ilə bağlı News24.az-a danışan AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova bildirib ki, Xəzər dənizi sahilləri su ilanlarının ən sıx yayıldığı ərazilərdən biridir və bu, yeni müşahidə olunan hal deyil:

"Su ilanları Azərbaycanın müxtəlif bölgələrində rast gəlinir. Lakin onların ən çox yayıldığı ərazilər məhz Xəzər dənizi sahilləridir. Son vaxtlar insanların su ilanları ilə daha tez-tez qarşılaşmasının əsas səbəbi ilanların sayının artması deyil. Bu, daha çox onların yaşayış yerlərinin dəyişməsi və insanların təbii ərazilərlə daha sıx təmasda olması ilə bağlıdır".

Mütəxəssis qeyd edib ki, su ilanlarının bu ərazilərdə məskunlaşması normaldır:

"Su ilanları həmişə bu ərazilərdə olub. Sadəcə, ola bilər ki, çimərliklərdə aparılan dəyişikliklər və ya təbii yaşayış mühitinin xüsusiyyətləri səbəbindən onlar insanların istirahət etdiyi ərazilərə daha yaxın görünürlər. Bu da qarşılaşmaların sayını artırır. Xəzərdə rast gəlinən su ilanları insanlar üçün təhlükə yaratmır. Bu ilanlar tamamilə zəhərsizdir və insanlara hücum etmirlər. Onlar zəhərsiz ilanlar qrupuna daxildir. Ona görə də belə hallarda təşvişə düşməyə ehtiyac yoxdur".

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər