Cəmiyyət

Səs yazısı yayılan həkim prokurorluğa çağırıldı

05 Aug 2026, 16:53 2 baxış Admin
Səs yazısı yayılan həkim prokurorluğa çağırıldı

Məşhur uşaq kardioloqu Elnur İmanova aid olduğu iddia edilən səs yazısından sonra ciddi müzakirələr başlayıb.
“Bakupost” olaraq dərhal həkimlə əlaqə saxlamağa, mövqeyini öyrənməyə çalışdıq. Həkim suallarımızı eşitdikdən sonra 3-4 cümləlik açıqlama ilə bunun qurama olduğunu, kimlərinsə onu oyuna çəkməyə çalışdığını bildirdi.
Biz E.İmanovun mövqeyi ilə birlikdə xəbəri yaydıq. Çünki məqsədimiz hansısa həkimə zərər vurmaq, kiminsə hüququnu tapdalamaq, ifşa şousu düzəltmək deyil.
Bütün fəaliyyətimiz boyu peşəkar həkimləri qorumağa, onları tanıtmağa, insanları öz sahəsini sevən, bilən, bacarıqlı həkimlərə yönəltməyə çalışmışıq.
Səs yazısından sonra E.İmanovu da Azərbaycan səhiyyəsinə verdiyi töhfələri, təcrübəsini, keçdiyi yolu, statusunu nəzərə alıb, redaksiyamıza dəvət elədik. İstədik ki, gəlsin, məsələylə bağlı geniş açıqlama versin, həqiqətləri söyləsin.
Amma təəssüf ki, həkim redaksiyaya gəlmədi. Əvəzində öz sosial şəbəkə hesabında "BakuPost"a ünvanlanan ittihamlarla dolu paylaşım etdi.
Doktor bildirir ki, bu səs süni intellektlə hazırlanıb, ona və işlədiyi müəssisəyə qarşı təxribatdır.
Bununla razılaşmaq olardı, amma izaha ehtiyac yaranır: Süni intellekt həkimin kart nömrəsini necə bilib? Səs yazısındakı kart nömrəsi həkimlə necə əlaqələndirilir?
E.İmanov deyir ki, həmin kart ona aid deyil. Halbuki hər kəs bankın mobil tətbiqində bu rəqəmləri yığsa, həkimin adının çıxdığını görəcək.
Həkim “Bakupost”u “tam” açıqlamasını almamaqda ittiham edir. Halbuki redaksiyamız onunla bir neçə dəfə əlaqə saxlamağa cəhd edib. Nəhayət, həkim suallarımızı dinləyərək mövqeyini bildirib və həmin açıqlama olduğu kimi materialda dərc olunub. Daha geniş açıqlama vermək istəsəydi, onu da olduğu kimi təqdim etməyə hazır idik.
Elnur İmanov hesab edir ki, media səs yazısını yaymazdan əvvəl onu ekspertizadan keçirməli idi.
Lakin jurnalistika praktikası bunu tələb etmir. Redaksiyalar hər gün çoxsaylı audio və video materiallarla işləyirlər. Onların hər birinin əvvəlcədən ekspertizaya göndərilməsi nə qanunvericilikdə nəzərdə tutulur, nə də praktik baxımdan mümkündür. Medianın vəzifəsi məhkəmə və ya ekspertiza orqanının funksiyasını icra etmək deyil. Jurnalistin borcu məlumatı mümkün qədər yoxlamaq, qarşı tərəfin mövqeyini almaq və cəmiyyətə təqdim etməkdir. “Bakupost” da məhz bu prinsiplə hərəkət edib.
Qeyd etmək istərdik ki, söhbət təkcə bir səs yazısından getmir. Redaksiyamıza daxil olan məlumatlarda tibbi sığorta sistemi və pasiyentlərdən vəsaitlərin toplanması ilə bağlı müəyyən iddialar da yer alır. Həmin məlumatların araşdırılması davam etdiyindən, hazırkı mərhələdə onları ictimailəşdirməyi doğru hesab etmirik.
Məqsədimiz heç kimi əvvəlcədən günahlandırmaq deyil. Əsas məqsəd aidiyyəti dövlət qurumlarının diqqətini səslənən iddialara yönəltməkdir.
Bəlkə də Elnur İmanov doğrudan da peşəkar həkimdir, Azərbaycan səhiyyəsinə mühüm xidmətlər göstərib və bu səbəbdən mühüm vəzifələr daşıyır. Lakin hər bir vəzifəli şəxs kimi, o da səslənən iddialara münasibət bildirməli və zərurət yaranarsa, qanun qarşısında izahat verməlidir. Hüquqi qiyməti isə yalnız istintaq və məhkəmə verə bilər.
İnanırıq ki, aidiyyəti dövlət orqanları məsələni hərtərəfli araşdıracaq və bütün suallara hüquqi qiymət veriləcək.
Biz isə tanınmış bir həkimin suallara geniş cavab vermək əvəzinə media qurumunu ittiham etməsini təəssüf doğuran hal hesab edir və bunu söz azadlığı və medianın fəaliyyətinə yönəlmiş təzyiq kimi qiymətləndiririk.
Sonda qeyd edək ki, həkimlə söhbətimiz zamanı onun sözlərindən məlum oldu ki, məsələ artıq Sumqayıt Şəhər Prokurorluğunun nəzarətindədir və Elnur İmanov izahat vermək üçün həmin quruma dəvət olunub…
Elnur,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər