Cəmiyyət

"Card-to-card" qaydaları dəyişdi: Sahibkarların narahatlığı əsaslıdır?

04 Aug 2026, 18:44 1 baxış Admin
"Card-to-card" qaydaları dəyişdi: Sahibkarların narahatlığı əsaslıdır?

Azərbaycanda avqustun 1-dən etibarən bank kartları ilə kartdan-karta (card-to-card) köçürmələrə yeni limitlərin tətbiqinə başlanılıb. Yeni qaydalara əsasən, yalnız köçürülən vəsaitin məbləği və əməliyyatların sayı deyil, eyni zamanda bir şəxsin sahib ola biləcəyi ödəniş kartlarının, elektron pul hesablarının və elektron cüzdanların sayı ilə bağlı da məhdudiyyətlər müəyyən edilib. Dəyişikliklərin maliyyə əməliyyatlarında şəffaflığın artırılması və qeyri-rəsmi dövriyyənin qarşısının alınması məqsədi daşıdığı bildirilsə də, yeni qaydalar cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xüsusilə kartdan-karta köçürmələrdən gündəlik fəaliyyətində geniş istifadə edən kiçik sahibkarlar və kiçik biznes nümayəndələri bu məhdudiyyətlərin işlərinə mənfi təsir göstərəcəyini deyərək narazılıqlarını ifadə edirlər.

Bəs tətbiq olunan limitlər hansı nəticələrə səbəb ola bilər və bu narahatlıqlar nə dərəcədə əsaslıdır?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycan Mərkəzi Bankı ilə Banklar Assosiasiyası arasında razılaşdırılan kartdan-karta köçürmələrə dair yeni limitlərin əsas məqsədi adi vətəndaşların gündəlik əməliyyatlarını məhdudlaşdırmaq deyil, bu sistemdən kommersiya fəaliyyəti üçün istifadə edilərək vergidən yayınma hallarının qarşısını almaqdır:

Onun sözlərinə görə, son illərdə xüsusilə mikro, kiçik və orta sahibkarlar, eləcə də pərakəndə ticarət və xidmət sektorunda çalışan bəzi şəxslər rəsmi POS-terminal və bank hesablarından istifadə etmək əvəzinə ödənişləri kartdan-karta köçürmələrlə qəbul edirdilər:

"Hesab edirəm ki, Banklar Assosiasiyası ilə Mərkəzi Bank arasında əldə olunan razılaşmanın əsas məqsədi vergidən yayınma hallarını minimuma endirməkdir. Çünki qanunvericilikdə bununla bağlı qadağalar olsa da, xüsusilə mikro, kiçik və orta sahibkarlar, pərakəndə ticarət və xidmət sahəsində çalışan bəzi şəxslər satış zamanı ödənişləri kartdan-karta köçürmələrlə qəbul edirdilər. Burada məqsəd sıravi vətəndaşın köçürmələrinə mane olmaq deyil, kommersiya fəaliyyətinin bank sistemində daha şəffaf şəkildə aparılmasını təmin etməkdir", – deyə iqtisadçı bildirib.

İqtisadçı qeyd edib ki, tətbiq olunan limitlər adi ailələrin gündəlik maliyyə əməliyyatlarını nəzərə alaraq müəyyənləşdirilib və əksər vətəndaşlar bu məhdudiyyətlərlə üzləşməyəcəklər.

"Bir ödəniş vasitəsi üzrə aylıq 20 min manatlıq limit müəyyən edilib. Bu məbləğ ölkədə orta statistik vətəndaşın və ya ailənin aylıq gəlirlərindən dəfələrlə yüksəkdir. Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 1100–1200 manat, adambaşına düşən nominal aylıq gəlir isə 800 manat civarındadır. Dörd nəfərlik orta ailənin ümumi aylıq gəliri də 3 min manatdan bir qədər çox olur. Bu baxımdan 20 min manatlıq limit adi ailələrin gündəlik köçürmələrinə heç bir maneə yaratmır", – deyə o vurğulayıb.

İqtisadçının fikrincə, yeni qaydalar həm də əvvəllər yaranan hüquqi problemlərin qarşısını almağa xidmət edir.

"Əvvəllər kartdan-karta əməliyyatlardan sahibkarlıq məqsədilə istifadə olunduqda sonradan araşdırmalar aparılır, bəzi hallarda hesablar dondurulur və vətəndaşlarla bağlı müxtəlif mübahisəli vəziyyətlər yaranırdı. İndi isə hökumət əvvəlcədən oyun qaydalarını müəyyənləşdirərək hansı həddən sonra əməliyyatların kommersiya fəaliyyəti kimi qiymətləndiriləcəyini dəqiqləşdirir. Bu, həm banklar, həm də vətəndaşlar üçün daha aydın çərçivə yaradır".

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər