Məktəblərdə yenilik: Sentyabrdan tətbiq olunacaq
Azərbaycanda ümumtəhsil məktəblərində rəqəmsal bacarıqların inkişafı istiqamətində yeni mərhələyə start verilir. Bu ilin sentyabr ayından etibarən məktəblilərə süni intellekt və kibertəhlükəsizlik üzrə dərslərin keçirilməsi planlaşdırılır. Məqsəd şagirdlərin müasir texnologiyalarla işləmək bacarıqlarını artırmaq, onları rəqəmsal dünyanın imkanları və riskləri ilə daha yaxından tanış etməkdir.
Bəs bu yenilik təhsil sisteminə nə vəd edir, məktəblər və müəllimlər buna nə dərəcədə hazırdır?
Məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Pənəhov bildirib ki, süni intellekt artıq təhsil prosesinin ayrılmaz hissəsinə çevrilib və şagirdlərlə tələbələr bu texnologiyadan gündəlik şəkildə istifadə edirlər:
"Hazırda əsas məsələ süni intellektdən istifadənin qadağan edilməsi deyil, bu texnologiyanın düzgün və səmərəli tətbiqini təmin edəcək qaydaların hazırlanmasıdır. Təhsilalanlar artıq müxtəlif süni intellekt platformalarından fəal şəkildə yararlanırlar. Buna görə də dövlət səviyyəsində istifadənin hüquqi və metodiki çərçivəsi müəyyən edilməli, müəllim və şagirdlər üçün aydın istiqamətlər hazırlanmalıdır".
Ekspert qeyd edib ki, süni intellekt artıq təhsil sistemimizdə reallığa çevrilib:
"Şagirdlər və tələbələr ondan fəal istifadə edirlər. İndi əsas məsələ bu texnologiyanın düzgün istifadəsi ilə bağlı qaydaların hazırlanması, onların rəsmi şəkildə tətbiq edilməsi və tədris prosesinə inteqrasiyasıdır. Sadəcə istifadəyə icazə vermək kifayət deyil, ondan necə səmərəli istifadə olunacağını da öyrətmək lazımdır", – deyə o bildirib. Azərbaycanda dörd mindən artıq ümumtəhsil məktəbi fəaliyyət göstərir və hazırkı mərhələdə bütün bu məktəbləri əhatə edəcək səviyyədə hazırlıqlı mütəxəssis potensialı formalaşmayıb.
"Düşünürəm ki, bu sahədə hələ kifayət qədər mütəxəssisimiz yoxdur. İlk növbədə maddi-texniki baza yaradılmalı, müəllimlər hazırlanmalı, metodik vəsaitlər, dərsliklər və digər köməkçi resurslar hazırlanmalıdır. Bundan sonra süni intellekt məktəblərdə sistemli və keyfiyyətli şəkildə tədris oluna bilər".
Onun fikrincə, bu proses tələsik həyata keçirilərsə, gələcəkdə müəyyən problemlər yarana bilər.
"Əgər bu işi yarımçıq və qeyri-peşəkar şəkildə həyata keçirsək, bunun fəsadlarını gələcəkdə görə bilərik. Süni intellektdən düzgün istifadə bacarığı gələcək nəsillərin bu texnologiyanı inkişaf etdirməsində, onu zənginləşdirməsində və düzgün istiqamətdə tətbiq etməsində mühüm rol oynayacaq. Bunun üçün isə vaxt, hazırlıq və peşəkar yanaşma tələb olunur".