Nəqliyyat sahəsində inqilabi dəyişiklik: Hər kəs bu yeniliyi gözləyir
Azərbaycanda nəqliyyat sahəsində sürücüsüz nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı qanunvericiliyə mühüm dəyişikliklər edilib. Yeni qaydalara əsasən, avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən və səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismara buraxıldıqdan sonra fəaliyyət göstərə biləcək. Eyni zamanda, bu nəqliyyat vasitələrindən bəzi hallarda sürücülük vəsiqəsi olmadan istifadə imkanının yaradılması da müzakirələrə səbəb olub.
Bəs bu yenilik hansı üstünlükləri və riskləri vəd edir?
Məsələ ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, avtonom nəqliyyat vasitələrinin tətbiqi texnologiyanın inkişafından irəli gələn zəruri mərhələdir və gələcəkdə bu sistemlər dünyanın bir çox ölkəsində geniş istifadə olunacaq:
"Sürücüsüz nəqliyyat vasitələri süni intellekt, xüsusi proqram təminatı, sensorlar, kameralar və digər müasir avadanlıqlar vasitəsilə ətraf mühiti analiz edərək hərəkət edir və marşrutunu özü müəyyənləşdirə bilir. Bu, artıq dövrün tələbidir. Hazırda dünyanın bir çox inkişaf etmiş ölkəsində avtonom nəqliyyat vasitələri müxtəlif istiqamətlərdə tətbiq olunur. Xüsusilə taksi xidmətlərində bunun nümunələrini görürük. Hesab edirəm ki, yaxın gələcəkdə digər sərnişindaşıma və logistika şirkətləri də bu texnologiyadan istifadə etməyə başlayacaqlar. Bu sistem insanın birbaşa idarə etmədiyi, süni intellekt tərəfindən yönləndirilən nəqliyyat vasitəsidir".
Ekspert vurğulayıb ki, belə nəqliyyat vasitələrinin təhlükəsiz və səmərəli işləməsi üçün ilk növbədə ölkənin yol infrastrukturu müasir tələblərə uyğunlaşdırılmalıdır.
"İlk növbədə yol infrastrukturu təkmilləşdirilməlidir. Yol nişanları, nişanlanma xətləri, işıqforlar və digər elementlər avtonom sistemlərin rahat oxuya biləcəyi standartlara uyğun olmalıdır. Bundan əlavə, dayanıqlı və fasiləsiz internet şəbəkəsinin mövcudluğu da çox vacibdir. Çünki bu texnologiya daim məlumat mübadiləsinə əsaslanır. Əgər rabitədə ciddi problem yaranarsa, sistemin fəaliyyətində çətinliklər meydana çıxa bilər".
Onun sözlərinə görə, avtomobillərin özləri də yüksək texnoloji avadanlıqlarla təchiz edilməli, süni intellekt sistemləri isə yol şəraitini düzgün analiz edərək operativ qərar qəbul etmək imkanına malik olmalıdır.
"Avtomobillərdə quraşdırılan sensorlar, kameralar, radarlar və digər avadanlıqlar ətraf mühiti fasiləsiz izləyir. Süni intellekt əldə olunan məlumatları emal edərək vəziyyəti qiymətləndirir və təhlükəsiz hərəkət üçün qərar verir. Sistem insan kimi düşünməsə də, saniyələr içində böyük həcmdə məlumatı analiz edərək ən uyğun hərəkət variantını seçməlidir. Avtonom nəqliyyatın ən böyük üstünlüklərindən biri insan amilindən qaynaqlanan risklərin minimuma endirilməsidir".