Cəmiyyət

İxtisas seçəcək abituriyentlər üçün kritik xəbərdarlıq – Ən perspektivli sahələr...

04 Aug 2026, 15:11 3 baxış Admin
İxtisas seçəcək abituriyentlər üçün kritik xəbərdarlıq – Ən perspektivli sahələr...

İxtisas seçimləri avqustun 12-dən 19-dək aparılacaq. Müsabiqə şərtlərini ödəyən abituriyentlər ixtisas seçiminə buraxılacaq və hər ixtisas qrupu üzrə fərqli müsabiqə qaydaları tətbiq olunacaq.

News24.az xəbər verir ki, məsələ ilə bağlı açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, abituriyentlərə ilk növbədə ixtisas seçimini düzgün etmələri tövsiyə olunur:

“Ən böyük səhvlərdən biri əvvəlki illərin keçid ballarına əsaslanaraq seçim etməkdir. Bu yanaşma düzgün deyil. Əvvəlcə Dövlət İmtahan Mərkəzinin açıqladığı ümumi statistika təhlil edilməli, bal aralıqları və plan yerləri diqqətlə öyrənilməlidir. Seçim də məhz bu göstəricilər əsasında aparılmalıdır. Bununla yanaşı, əmək bazarının tələbatı da nəzərə alınmalıdır. Gələcəkdə öz sahəsində uğur qazanmaq istəyən abituriyent topladığı bala uyğun, həm də maraq və bacarığına uyğun ixtisas seçməlidir. Əgər hansısa ixtisasa balı çatsa da, həmin sahəyə marağı yoxdursa, onu seçməsi məqsədəuyğun deyil. Çünki gələcək karyerasını məhz həmin ixtisas üzərində quracaq”.

Ekspertin sözlərinə görə, sevmədiyi ixtisası seçən tələbələr universitet illərində həmin sahəyə kifayət qədər maraq göstərmirlər:

“Nəticədə praktiki bilikləri zəif olur və əmək bazarında ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən də bəzən tamamilə fərqli sahələrdə – marketlərdə satıcı, restoranlarda ofisiant kimi çalışmalı olurlar. Buna görə də düzgün ixtisas seçimi gələcək karyeranın ən vacib amillərindən biridir. Birinci ixtisas qrupunda kompüter yönümlü ixtisaslar, qida mühəndisliyi, nəqliyyatda logistika və kənd təsərrüfatı sahələri perspektivli hesab olunur. Xüsusilə rayonlarda yaşayan və bu sahəyə marağı olan gənclər üçün kənd təsərrüfatı ixtisasları gələcək baxımından yaxşı seçim ola bilər”.

R.Nurəliyevin sözlərinə görə, ikinci ixtisas qrupunda maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət, logistika və turizm ixtisasları daha perspektivlidir:

“İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və turizm potensialının inkişafı bu sahələrə tələbatı daha da artıracaq.

Üçüncü ixtisas qrupunda hüquqşünaslıq, beynəlxalq münasibətlər, ingilis dili müəllimliyi və digər pedaqoji ixtisaslar dövrün tələbinə uyğun istiqamətlər hesab olunur. Bundan əlavə, sosial iş ixtisası da tövsiyə edilir. Çünki bu sahənin məzunları həm dövlət, həm də özəl sektorda müxtəlif istiqamətlər üzrə işləmək imkanına malikdirlər”.

Ekspertin fikrincə, dördüncü ixtisas qrupunda əsas istiqamət tibbdir:

“Bununla yanaşı, stomatologiya, psixologiya və biotexnologiya kimi ixtisaslar da gələcəyin perspektivli sahələri sırasında göstərilir.

Beşinci ixtisas qrupunda isə seçim qabiliyyət imtahanının nəticələri və şəxsi maraqlar əsasında edilməlidir. Məsələn, dizayn üzrə oxumaq istəyən və bu sahəyə uyğun nəticə göstərən abituriyentin rəngkarlığı deyil, məhz dizaynı seçməsi daha məqsədəuyğundur. Çünki dizayn sahəsində əmək bazarında imkanlar daha genişdir. Ümumilikdə, ixtisaslar ən çox arzulanan sahədən başlayaraq bala uyğun şəkildə sıralanmalıdır”.

R.Nurəliyev onu da qeyd edib ki, aşağı bal toplayan abituriyentlər isə qeyri-perspektivli ali təhsil ixtisaslarını seçməkdənsə, kollecləri və peşə təhsili müəssisələrini də alternativ kimi qiymətləndirməlidirlər:

“Bu gün yüksək texniki peşə təhsili müəssisələrini bitirənlər subbakalavr dərəcəsi alırlar və əmək bazarında kifayət qədər yaxşı imkanlar əldə edə bilirlər. Xüsusilə kompüter və iqtisadiyyat yönümlü peşə ixtisasları gələcək baxımından daha məqsədəuyğun seçim hesab olunur. Bu səbəbdən abituriyentlər ali təhsil, kolleclər və peşə təhsili arasında seçim edərkən də gələcək perspektivləri diqqətlə qiymətləndirməlidirlər”. (Yenisabah)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər