Cəmiyyət

Düşmən olanın da, dost olanın da...

03 Aug 2026, 07:00 2 baxış Admin
Düşmən olanın da, dost olanın da...

Yola saldığımız həftə dünyanın gündəmi yenə İran oldu. Amerikanın gah sığallaması, gah bombalaması fonunda İranın dayanıb-dayanıb kəskin bəyanatlar verməsi uşaqkən böyüklər tərəfindən başımızın xeyli sığallanmasından sonra anidən vurulan qapazlara çığırıb-bağırmağımızı xatırladır. Atlanırdıq, düşürdük, di gəl, nə karə, 2-3 gün sonra yenə həmin o böyük qohumumuz çağırıb başımızı sığallayanda inanırdıq. Ta ki növbəti qapazı, şilləni yeyənə kimi. Yenə qaçıb xeyli uzaqdan “sənin...”lə başlayan “bəyanat”lar verməkdən qeyri nəyə gücümüz çatırdı ki?!
Əlqərəz, deyəsən, Amerika-İsrail cütlüyü İranı belə-belə “boğaza yığıb” elə edəcəklər ki, özü "intihar etsin”, hamının canı qurtarsın. Di gəl, sənə də İran deyirəm axı, qapazlar arası fasilədə dinc dayanmır. Bir oyunlar çıxardır, bir pəstahalardan çıxır ki, gəl görəsən! Bunlardan arada bizə də “pay düşür”, baxma, nə qədər də olmasa, yaxın qonşuyuq axı. (Hərçənd ki, qonşuluq haqda bizdəki bir-birinə zidd hər iki məsəlin heç birinin İranla bağlı doğruluq payı yoxdur. İran nə “yaxın qonşu kimi uzaq qohumdan yaxşıdır”, nə də “köçüb qurtarası pis qonşudur”) Bu həftəki “payımız” keçdiyimiz günlərdə kifayət qədər müzakirə olunan “AzTV-düşmənçiliyi” və iranlı güləşçinin Bakıda keçirilən dünya çempionatının yarımfinal görüşünə çıxmaması oldu. Belə baxanda bu iki hadisəni əlaqələndirən xeyli mətləb ortaya çıxır, amma gəlin bir az əvvəldən başlayaq, məlumatsız oxucumuz varsa, qoy bilsin ki, əslində nə baş verib...
İranın Kəşfiyyatı ETTALAT öz ölkəsinin prokurorluğuna məktub yazaraq “milli təhlükəsizlik və maraqlara qarşı İsrail və digər düşmən ölkələrlə əməkdaşlıq edən, casusluq fəaliyyəti göstərən şəxslərə qarşı sərt tədbirlərin görülməsini tələb edib”. Məktuba 3 hissədən və 415 addan ibarət geniş siyahı da əlavə edib. Siyahıdakı “düşmən telekanallar” hissəsinin 19-cu pilləsində Azərbaycan Respublikasının rəsmi dövlət televiziyası olan AzTV qərarlaşıb! Yəni, bizim dövlət televiziyamız İran adlanan dövlətin “düşmən TV-ləri” içində “top-20”də yerləşir. Özləri demişkən, “xub...”
Burada xüsusi olaraq qeyd etmək istədiyim bir məsələ var. İran kəşfiyyatı İctimai Televiziyaya qarşı çox ciddi haqsızlıq edib. Adama (!) deyərlər:
“Hacağaaa, bir məni başa sal görüm, AzTV nə edib ki, İTV onu etməyib? Məgər sizin İran adlandırdığınız o ölkədəki bizim soydaşlarımız İTV-yə AzTV-dən az baxır? Yoxsa İTV-də İranla bağlı daha az və daha yumşaq cümlələr işlədilir? Özgə vaxt haqqdan, ədalətdən danışırsınız, hanı bu siyahıda İTV?” Məncə, biz ölkə olaraq bu məsələ ilə bağlı İrana çox ciddi etiraz etməliyik, zəhmət çəkib siyahını yeniləsinlər.
Qayıdaq məktuba, çünki maraqlı hissəsi hələ qabaqdadır. Məktubda qeyd edilib ki, “İsrail və digər düşmən ölkələrlə ideoloji, media və təbliğat sahəsində əməkdaşlıq, o cümlədən onlara bağlı media qurumlarına ölkənin milli təhlükəsizliyinə xələl gətirən xəbər, video və foto materialların ötürülməsi ağır cəzalarla nəzərdə tutulmalıdır”. Yəni ki, AzTV-yə xəbər, müsahibə verən, şəkli, videosu bu kanalda yayımlanan İran vətəndaşının qanı getdi. Bax elə o cavan güləşçinin yalandan “tıxacda qaldım, yubandım” bəhanəsi edib yarışa çıxmamasının ən ciddi səbəbi də məncə budur. Uşaq (yarış “U-17 dünya çempionatı” olduğundan, yeniyetmələr, yəni uşaqlar iştirak edirdi), ya da onun dünyagörmüş məşqçisi fikirləşib ki, indi mən durdum getdim yarışa, olmadı elə, oldu belə, uddum, çıxdım birinci yerə. O halda bu uşağı harada göstərəcəklər? Əlbəttə ki, AzTV-də. Bizim dövlət TV-sinə çıxan iranlının öz ölkəsində çıxacağı yerin “kranın xortumu” olma ehtimalını göz önünə gətirən gənc güləşçi çıxış yolunu “tıxacda qalıb” yubanmaqda görüb. Siz olsanız, hansını seçərdiniz: krandan sallanmağı, yoxsa texniki məğlubiyyəti?
Deyəcəksiniz ki, bu yenə söhbəti saldı lağlağıya, yaxşı, gəlin ciddi tərəfini də danışaq. İran kəşfiyyatı durduq yerdə niyə AzTV-ni düşmən elan etdi? Və ya illərdir ürəyində saxladığı düşmənçiliyi indi niyə açdı? Məgər ETTALAT bilmir ki, sözügedən televiziya Azərbaycan dövlətinin rəsmi dövlət kanalıdır? Belə bir addımı atmaqla, dövlətin rəsmi kanalına düşmən deməklə dolayısı ilə dövlətin özünə düşmən demiş olmursanmı? Nədir bu hirs-hikkənin səbəbi? Əlbəttə ki, İranda yaşayan soydaşlarımızın bizim TV-lərə olan marağı. Bizim televiziyalarımıza olan baxış sayı və istənilən anda bizim təbliğat vasitələrimizin İranın içindəki proseslərə edə biləcəyi təsir. Onlar bizdən və hamıdan yaxşı bilirlər ki, İrandakı soydaşlarımız Azərbaycan Respublikasını öz ana vətəni, öz dövləti sayır. Və əgər lazım gələrsə, bizim bir televiziya kanalımızın İrandakı bütün TV-lərdən daha çox təsir göstərə biləcəyini dərk edirlər. Elə bu hirslə, hikkə ilə də bizi düşmən elan edirlər.
Vallah, biz heç İranın “dostu” olanda da onlardan bir xeyir görmədik. İllərlə işğalda qalan torpaqlarımızla bağlı elədikləri və ya eləməli olub eləmədikləri, beynəlxalq aləmdə bizimlə bağlı heç bir məsələdə yanımızda olmamaqları, tarixi torpaqlarımızı işğaldan azad edərkən nəinki yanımızda olmaqları, əksinə, altdan-üstdən mane olmaqçün etdikləri, ən son da Naxçıvana edilən dron hücumu — bunlar hamısı “dost” olan vaxtlarımızın tarixidir. Son aylar Naxçıvana gedən yük maşınlarına (bu maşınlar Azərbaycanın digər hissələrində yaşayan naxçıvanlıların Naxçıvanla yeganə quru yolla daşınma vasitələridir) qarşı edilənlər, o maşınları həftələrlə sərhəddə saxlayıb əziyyət vermələri də “dost”luğun göstəricisidir. Açıq-aşkar qarşısında olduqlarını elan etdikləri “Zəngəzur dəhlizi” layihəsi reallaşmağa yaxınlaşdıqca hələ çox çırpınacaqlar.
Sonda bunu da deyim, bitsin. Biz tərəflərdə bir kənddə ağsaqqal bir kişi hər il keçirilən aşura şəbəhlərində (Şəbəh — dini tamaşadır) Yezid rolunu oynayırmış. Şəbəh ki bitdi, yerbəyerdən “Yezid”ə atılan daş, çınqıl, çiy yumurta bu yazıq kişini o qədər bezdirir ki, tövbə edir, deyir: “Ta qurtardı, mən şəbəh oynamıram”. Elə ki məhərrəm ayı gəlir, aşura yaxınlaşır, kənd camaatı durub gəlir kişinin qapısına ki, dur gəl, sənsiz şəbəh olmaz. Kişi deyir yox ki, yox. “Hay-haynan məni aparıb, axırda daşa-çınqıla tutursunuz, istəmirəm.” Belə olanda kişiyə təklif olunur ki, sən gəl bu il Yezidi yox, imam rolunu oyna. Çarəsi kəsilən ağsaqqal durur gedir, imamın paltarını geyinir, düşür ortaya. Şəbəhin sonunda yenə camaat başlayır “Yezid”i daşlamağa. Yezid rolunu oynayan da qıvraq adam imiş, görür o tərəfdən biri çiy yumurta atır, başını əyib yayınır. Nəticədə həmin o çiy yumurta düz bizim ağsaqqalın sifətinə çırpılır. Ağsaqqal üzünə dəyib sınan yumurtanın qalıqlarını silə-silə qışqırdığı sözlər biz tərəfdə o vaxtdan zərb-məsələ çevrilib:
“Sizə Yezid olanın da atasına lənət, imam olanın da...”
Çingiz Özgür
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər