İşdən sonra pivə içənlərə xəbərdarlıq
İşdən sonra bir bokal pivə içməyi adi vərdişə çevirənlər sağlamlıqlarını ciddi riskə atırlar.
News24.az xəbər verir ki, bu barədə "Skandinaviya Sağlamlıq Mərkəzi"nin terapevti Olqa Çistik danışıb. Onun sözlərinə görə, standart 0,5 litrlik pivə bankasında təxminən 25 qram təmiz etanol olur ki, bu da təxminən 60 millilitr arağa bərabərdir.
Həkimin sözlərinə görə, qaraciyər spirtin hansı içkidən qəbul edildiyini ayırd etmir. Etanol parçalanarkən zəhərli asetaldehid yaranır və məhz bu maddə qaraciyər hüceyrələrinin zədələnməsinə səbəb olur.
Mütəxəssis qeyd edib ki, tərkibində spirt olan içkilərin müntəzəm qəbulu ürəyə də əlavə yük yaradır. Belə ki, qan damarları genişlənir, dövran edən qanın həcmi artır və ürək əzələsi daha intensiv işləməyə məcbur qalır.
Həkim xəbərdarlıq edib ki, hər gün "işdən sonra bir bokal" vərdişi zərərsiz görünsə də, uzunmüddətli dövrdə qaraciyər və ürək-damar sistemi üçün ciddi fəsadlara yol aça bilər.