Cəmiyyət

Kartlardan pul silinib, yoxsa oğurlanıb?

25 Jun 2026, 11:56 2 baxış Admin
Kartlardan pul silinib, yoxsa oğurlanıb?

"Ötən gün ABB, AccessBank, ExpressBank, Yelo Bank və digər bankların müştərilərinin kart hesablarından vəsaitlər yoxa çıxıb. Bu bankların ortaq cəhəti odur ki, hamısı Azericard prosessinq mərkəzinə bağlıdır".
Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz social media hesabında yazıb.
O qeyd edib ki, ABB problemi "3-cü tərəf provayderi" ilə bağlı texniki nasazlıqla izah edib:
"Azericard" baş verənlərin banklararası hesablaşma fayllarının emalı zamanı yarandığını, lakin səbəbin "Azericard"dan asılı olmadığını" bildirib. Mərkəzi Bank isə hadisənin kibermüdaxilə deyil, texniki səbəbdən baş verdiyini, ödəniş infrastrukturunda problem olmadığını açıqlayıb.
Amma problemin kökü və məsuliyyət indiyədək açıqlanmayıb. Hansı ki, ictimai etimad baxımından ən vacib məqam da elə budur.
Bəs oğurluqdur, yoxsa sistem xətası?
Banklardan əldə etdiyim məlumatlar, müşahidələrim və MB-nin açıqlaması göstərir ki, baş verənlər böyük ehtimalla kiber hücum deyil.
Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır.Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluğun yox, dublikasiyanın olduğunu göstərir. Yəni "pulu aparan" kənar, yaxud kiber müdaxilə deyil, bankların öz informasiya sistemidir.
Kimdir günahkar?
Bir neçə müstəqil bankın eyni anda eyni problemlə üzləşməsi yalnız ortaq bir halqa ilə izah oluna bilər. Bu zəncirdə ortaq element ikidir: MB-nin hesablaşma infrastrukturu və "Azericard" prosessinqi.
MB öz infrastrukturunda problem olmadığını birmənalı açıqladığına görə, məntiqlə ortaq element kimi "Azericard" qalır. Onun "hadisə mənim ərazimdə olub, amma günah məndə deyil" tipli dumanlı açıqlaması da problemin böyük ehtimalla məhz prosessinq mərkəzindəki emalda olduğuna işarə edir. Üstəlik də, hesablaşma zəncirində bir anomaliya baş verirsə, sistem onu dərhal aşkarlayıb bloklamalı idi.
Anomaliyanın tutulmaması və təkrar əməliyyatların eyni anda bir neçə bankı vurması göstərir ki, belə kritik qurumda bu mexanizmlər ya yoxdur, ya da təkmil deyil.
Düşünürəm ki, belə bir xətadan sonra MB daha sərt addımlar atmalı idi. Problem ABB-də, yaxud digər banklarda deyil, məhz MB-nin nəzarəti və lisenziyası altında işləyən qurumda - "Azericard"da yaranıb. Xatırladaq ki, əvvəllər də burada problemli situasiyalar olub. Ümid edirəm, MB hadisəni araşdırıb ciddi audit təşkil edəcək. Banklardan isə zərər çəkənlərə qarşı həssaslıq gözlənilir".
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər