Ekspertdən nazir müavininə: 5 ildir azalırsa, necə artacaq?
24 Jun 2026, 21:41
3 baxış
Admin
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyir ki, süd və ət məhsullarının idxaldan asılılıq azaldılacaq, 2030-cu ilədək süd istehsalının 10%, mal əti istehsalının 20%, qoyun əti istehsalının 9 artırılması nəzərdə tutulur. Çox gözəl arzular, istəklərdir, amma sullar yaranır.
Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“1. Bu hədəflərə necə nail olmaq üçün yol xəritəsi, tədbirlər ardıcıllığı nədən ibarətdir?
2. Rəsmi statistikaya əsasən, son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda iribuynuzlu mal-qaranın sayı hər il azalıb, ümumilikdə 215,2 min baş (yaxud təxminən 8,1%) azalma qeydə alınıb. 2021-ci ilin əvvəlində ölkədə 2 milyon 650,7 min baş iribuynuzlu heyvan olduğu halda, 2026-cı ilin əvvəlinə bu göstərici 2 milyon 435,5 min başa düşüb – bunun səbəbləri araşdırılıbmı?
3. Rəsmi statiskiya görə, son 5 ildə (2021–2026-cı illər ərzində) Azərbaycanda xırdabuynuzlu heyvanların (qoyun və keçi) sayı 1 milyon 399,1 min baş (yaxud təxminən 17,1%) azalıb. 2021-ci ilin əvvəlində ölkədə 8 milyon 156,9 min baş qoyun və keçi olduğu halda, 2026-cı ilin yanvarın 1-i vəziyyətinə bu göstərici 6 milyon 757,8 min başa qədər geriləyib – yaxşı, 5 ildə 17%-dən çox azalma olubsa, kim zamənət verir ki, növbəti 5 ildə qoyun-quzu əti istehsalı 9% artacaq? Niyə artsın ki, son 5 ildə azalma trendi varsa, bu trend nə səbəbə dəyişəcək?
4. Son 5 ildə diri iribuynuzlu heyvan idxalı miqdar baxımından təxminən 3 dəfə artıb – tam 3 dəfə! Say etibarı ilə son 5 ildə 225 min iribuynuzlu mal-qara ölkəyə idxal edilib. Yaxşı, indi nə addımlar olacaq ki, idxaldan asılılıq azalacaq?
5. Son 5 ildə diri qoyun və keçi idxalı 1,6 dəfədən çox (təxminən 160%) artıb – say etibarı ilə son 5 ildə ölkəmizə 931 min diri qoyun-keçi idxal edilib. Xub, bəs indi hökumət nə edəcək ki, idxal azalacaq?!
Hökumətin icra qolu problemləri etiraf edirsə, bu yaxşıdır, amma onların işi problemləri həll etmək, əvvəlki səhvləri təhlil edərək, yeni addımlar təklif etməkdir - ən azından, elə olmalıdır...” - ekspert vurğulayıb.
Asena,BakuPost
Mənbə:
bakupost.az