Cəmiyyət

Ən yüksək bal toplayanlar arasında niyə oğlan yoxdur?

18 Jun 2026, 15:42 5 baxış Admin
Ən yüksək bal toplayanlar arasında niyə oğlan yoxdur?

Bu ilki qəbul imtahanlarında III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Bakı şəhəri Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı göstərib. Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 688.7 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Tovuz rayonu Düz Qırıqlı kənd 1 saylı orta məktəbinin məzunu Musayeva Ayan Fuad qızıdır. O, imtahanın birinci mərhələsində 291.7, ikinci mərhələsində isə 397 bal toplayıb.
Maraqlıdır ki, hər il yüksək nəticə göstərənlər siyahısında qızlarla yanaşı, oğlanların da adlarına rast gəlinirdi. Amma III qrup üzrə bu ilki yüksək nəticə əldə edənlər arasında bir nəfər də olsa, oğlan yoxdur. Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı Bakupost.az-a bildirib ki, yüksək bal toplayanlar arasında oğlanların yer almaması məhz həmin kateqoriyadan olan insanların təhsilə marağının daha çox azalmasından qaynaqlanır:
“Bu bir tərəfdən, Azərbaycan orta təhsil sahəsində mövcud olan problemlərlə bağlıdır. Ölkədə unuversiteti bitirənlərin işsiz qalması belə bir vəziyyətin yaranmasına rəvac verir. Oğlanlar universiteti bitirib işsiz qalmaq təhlükəsi fonunda təhsilə elə də ciddi diqqət yetirmir. Məktəbi bitirən kimi, sənət, pul qazanmaq arxasınca düşürlər. Yəni qızlara nisbətən oğlanlar təhsildən daha çox yayınırlar. Tələbələr arasında əsasən də oğlanlar ali təhsil ala-ala restoranda ofisiant, marketlərdə kassir işləyir. Belədə onların daha yaxşı təhsil almaq imkanları da məhdudlaşır. Qızlar isə əsasən yalnız təhsillə məşğuldur. Bu məsələdə, ailədə qızlara qayğının oğlanlarla müqayisədə daha çox olması da burada öz sözünü deyir”.
Rüfət Sultan, BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər