Məşhur balaca meymun haqda kitab çap olunacaq
Yaponiyada internet ulduzu olan Panç adlı meymunun həyatından bəhs edən kitabın nəşri planlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə "Dexerto" məlumat yayıb.
Kitab “Keep Going, Punch: The Story of a Baby Monkey's Growth” (“Davam et, Panç: balaca meymunun böyümə hekayəsi”) adlanır.
Əsərin 26 noyabr 2026-cı ildə nəşr olunması nəzərdə tutulur.
Nəşrə Pançın doğulduğu gündən dəstəyə qoşulmasına qədər olan həyatından bəhs edən hekayələr və illüstrasiyalar daxil ediləcək. Həmçinin heyvanxana əməkdaşlarının çəkdiyi 10 min fotoşəkil arasından seçilmiş görüntülər də kitabda yer alacaq.
Kitab həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub.
İtiçava şəhər zooparkının direktoru Takaşi Yasunaga bildirib ki, Panç haqqında kitab hazırlanması ilə bağlı çoxsaylı müraciətlər alıblar.
Panç Yaponiyadan kənarda da məşhurlaşıb. Yapon makakası balasının görüntüləri sosial şəbəkələrdə geniş yayıldıqdan sonra onun hekayəsi dünya ictimaiyyətinin diqqətini çəkib.
Anasının ondan imtina etməsindən sonra balaca meymuna oranqutan oyuncağı verilib. Oyuncaq faktiki olaraq onun valideynini əvəz edib. Pançın görüntüləri qısa müddətdə dünyanın müxtəlif ölkələrində böyük populyarlıq qazanıb.