Dünya

Qərbə qaçış, yoxsa iqtisadi qorxu? – İrəvan Moskva qarşısında "ağ bayraq" qaldırır

25 Nov 2026, 17:39 2 baxış Admin
Qərbə qaçış, yoxsa iqtisadi qorxu? – İrəvan Moskva qarşısında "ağ bayraq" qaldırır

İrəvan ikitərəfli əlaqələri sağlamlaşdırmaq və irəli addımlamaq üçün Moskva ilə münasibətlərdə yığılıb qalmış problemlərə yenidən baxmaq niyyətindədir.
“Bakupost” xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan İctimai televiziyanın efirindən bildirib. O qeyd edib ki, İrəvan heç bir vəchlə Rusiya ilə münasibətləri kəsmək, böhran yaratmaq və ya körpüləri yandırmaq niyyətində deyil.
O, həmçinin Rusiyanın Ermənistanın mühüm tərəfdaşı olaraq qaldığını vurğulayıb və Rusiya tərəfinin də eyni mövqedə olduğuna ümid etdiyini bildirib.
Qeyd edək ki, dekabrın 3-də Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir. Səfər çərçivəsində iki ölkə arasında yaşanan problemlərin müzakirə ediləcəyi də bildirilir.
Paşinyanın səfəri ərəfəsində Kostanyanın iki ölkə arasındakı problemlərə yenidən baxmaq istəyini ortaya qoyması İrəvanın Moskvaya münasibətdə mövqeyindən müəyyən dərəcədə geri çəkildiyinin göstəricisi sayıla bilərmi?
Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, rəsmi İrəvanın Kremllə münasibətlərə yenidən baxmaq şansı, imkanları demək olar mövcud deyil:
“Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan kifayət qədər uzaqlaşdırmağa imkan tapıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistan səsvermə və öz nümayəndələrini müxtəlif vəzifələrə yerləşdirmək hüququndan məhrum olub. Bu da o deməkdir ki, İrəvan Rusiyanın qurduğu təhlükəsizlik sistemindən uzaqlaşmaq üzrədir və Qərbə doğru yönəlib”.
Ekspertin sözlərinə görə, Avropa Birliyi (AB) ilə Ermənistanın münasibətlərində kifayət qədər irəliləyişlərin olduğu bir ərəfədə, İrəvan bundan da geri çəkilsə, nəticədə Rusiya ilə korlanmış münasibətlərə paralel, AB ilə də ziddiyyətli situasiyaya düşə bilər:
“Artıq TRİPP layihəsinin də icrasına başlanılır. Belə bir layihənin reallaşması mərhələsində İrəvanın Qərbdən üz çevirərək, yenidən Moskvanın təsir dairəsinə geri qayıtmaq imkanları yoxdur. Çünki İrəvan TRİPP-lə bağlı da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur”.
Bütün bunları nəzərə alan müsahibimiz Ermənistanın Qərbə yönəlik xarici siyasi kursundan geri çəkiləcəyini inandırıcı hesab etmir.
Onun fikrincə, İrəvan sadəcə olaraq, Qərbə yaxınlaşmaq ərəfəsində Rusiya ilə kəskin qarşıdırma vəziyyətinə düşmək istəmir:
“Ona görə Rusiya ilə mümkün qədər daha yumşaq münasibətlərin olmasına, sərt qarşıdurmadan yayınmağa çalışır. Çünki Ermənistanın Rusiya bazarları və Avrasiya İqtisadi İttifaqına (Aİİ) da ehtiyacı var. Böyük ehtimalla İrəvanı yaxın vaxtlarda Aİİ-dən də kənarlaşdıra bilərlər. Ona görə də rəsmi İrəvan preventiv addımlar atır, Rusiya ilə iplərin tam qopmamasına cəhdlər edir ki, ondan uzaqlaşıb, Qərbə yaxınlaşmaq prosesini mümkün qədər ağrısız həyata keçirə bilsin”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər