Azərbaycana gələn turistlərin sayı niyə sürətlə azalır?
25 Nov 2026, 14:25
2 baxış
Admin
2026-cı ilin ilk 10 ayında Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azalıb. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayında 31,5%-lik geriləmə qeydə alınıb. Turist axınının azalması hotellərin, restoranların və digər turizm obyektlərinin fəaliyyətinə də təsir göstərir.
Turizm üzrə ekspert Ceyhun Aşurov “Bakupost”a bildirib ki, yay aylarında, xüsusilə iyun, iyul və avqustda ölkəyə gələn əcnəbilərin sayında azalma 10%-ə çatıb. Onun sözlərinə görə, sentyabrdan etibarən ölkədə keçirilən müxtəlif tədbirlər turist axınının artmasına səbəb olub və nəticədə ümumi azalma 4,2%-ə qədər geriləyib.
Ekspert qeyd edib ki, otellərdə qalan əcnəbilərin sayında azalma daha ciddi olub və təxminən 30%-ə çatıb. Bu vəziyyət hotellərin, restoranların və digər turizm obyektlərinin iqtisadi fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə ümumi gəlirlər və vergi daxilolmaları azalıb, ölkəyə daxil olan valyutanın həcmi də aşağı düşüb.
C.Aşurovun sözlərinə görə, Körfəz ölkələrindən turist axınının kəskin azalmasının əsas səbəblərindən biri regiondakı gərginliklər və İran-İsrail müharibəsi olub. Müharibə nəticəsində hava məkanının bağlanması həmin ölkələrdən Azərbaycana səfərləri əlverişsiz vəziyyətə gətirib. Əvvəlki illərdə Körfəz ölkələrindən gələn turistlərin sayı yüksək olduğundan bu bazarda baş verən azalma ümumi göstəricilərə də ciddi təsir edib.
Ekspert bildirib ki, alternativ bazarlardan, xüsusilə Orta Asiya, Avropa və Türkiyədən gələn turistlərin sayında müəyyən artım müşahidə olunsa da, bu artım ümumi azalmaları tam kompensasiya edə bilməyib.
C.Aşurov qeyd edib ki, Azərbaycan turizmi tarixən qonşu ölkələrdən gələn turistlərdən asılı olub. Pandemiyadan əvvəlki dövrlərdə də ölkəyə gələn hər 10 turistdən təxminən 7-si Rusiya, Türkiyə, Gürcüstan və İranın payına düşüb. Hazırda da bu ölkələr əsas mənbələr sırasında yer alır. Bununla belə, ekspert vurğulayıb ki, Rusiya və Gürcüstandan gələnlərin hamısını sırf turist kimi qiymətləndirmək olmaz. Həmin ölkələrin vətəndaşı olan azərbaycanlıların bir hissəsi ölkəyə qohum və dost ziyarəti məqsədilə gəlir.
Ekspertin fikrincə, turizmin müəyyən ölkələrdən asılılığını azaltmaq üçün yeni bazarlarda tanıtım və marketinq işləri genişləndirilməli, birbaşa uçuşlar təşkil olunmalıdır. Bu istiqamətdə Çin, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri potensial bazarlar hesab olunur. Müxtəlif ölkələrdən turistlərin cəlb edilməsi hər hansı bir bazarda azalma baş verdikdə yaranan riskləri də azalda bilər.
C.Aşurov əlavə edib ki, turist sayını artırmaq üçün ölkədə daha əlverişli şərait yaradılmalıdır. Buraya həm uçuş qiymətlərinin münasib olması, həm də turistlərin səfər müddətində vaxtlarını səmərəli keçirə bilmələri üçün turizm məhsullarının və xidmətlərinin çeşidinin genişləndirilməsi daxildir.
Ekspertin sözlərinə görə, turist axınının artması hotellərin və restoranların gəlirlərinə, eləcə də gəlirlərin müxtəlif sahələr və ərazilər üzrə bölüşdürülməsinə müsbət təsir göstərəcək. Bu baxımdan turizmin inkişafı xüsusilə regionlar üçün mühüm əhəmiyyət daşıyır.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az