"20 Yanvar" metrosunun çıxışındakı biabırçılıq
24 Nov 2026, 16:56
2 baxış
Admin
Bakının Nəsimi rayonu, "20 Yanvar" metrostansiyasının Velotrek (hazırkı adı PARK20) istiqamətində yerləşən çıxışında uzun müddətdir ciddi problemlər mövcuddur. İlk növbədə qeyd etmək lazımdır ki, metro çıxışının qarşısında sıralanan taksilər və digər avtomobillər piyadaların hərəkətinə mane olur. Belə ki, sürücülərin avtomobillərini istədikləri yerdə saxlaması nəticəsində sərnişinlər metrodan çıxarkən rahat hərəkət edə, yolu təhlükəsiz şəkildə keçə bilmirlər. Metronun təmiri ilə əlaqədar sərnişinləri "28 May" stansiyasına daşıyan ekspress avtobusların da həmin ərazidə dayanması vəziyyəti ağırlaşdırıb. Xüsusilə günün pik saatlarında ərazidəki sıxlıq səbəbindən avtomobillər kilometrlərlə uzanan növbələrə düzülür, nəqliyyatın hərəkəti xeyli ləngiyir.Sakinləri narahat edən başqa bir məsələ taksi sürücüləri arasında tez-tez baş verən mübahisələrdir. Onların bildirdiyinə görə, müştəri uğrunda yaranan rəqabət sözlü qarşıdurmalara, səs-küyə və təhqiramiz ifadələrin işlədilməsinə gətirib çıxarır. Bu vəziyyət həm ərazidə yaşayan sakinlərin, həm də hər gün buradan istifadə edən insanların narazılığına səbəb olur. Bundan başqa, Sumqayıt istiqamətində fəaliyyət göstərən qanunsuz mikroavtobuslarla bağlı da şikayətlər səsləndirilir. Görünən odur ki, "20 Yanvar" metro stansiyasının bu çıxışında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı ciddi boşluqlar var. Ərazidə xaotik vəziyyətin aradan qaldırılması, taksi və mikroavtobusların fəaliyyətinin qaydaya salınması, ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti qurumların müdaxiləsinə ehtiyac yaranıb.
Nəqliyyat eksperti Adil Nəbiyev "Bakupost"a bildirib ki, paytaxtın metro stansiyalarının ətrafında qeyri-qanuni parklanma, sərnişindaşımanın nizamsız təşkili, taksi sürücülərinin piyada keçidlərini və giriş-çıxışları zəbt etməsi uzun müddətdir müşahidə olunan problemlərdəndir:
"Metro stansiyalarının giriş və çıxışları insanların sərbəst, rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bu ərazilərin qeyri-rəsmi taksi dayanacağına və sərnişin toplama məntəqəsinə çevrilməsi yolverilməzdir. Xüsusilə yaşlı insanların, uşaqların, hamilə qadınların və əlilliyi olan şəxslərin həmin ərazilərdə hərəkət etməkdə çətinlik çəkməsi məsələnin nə qədər ciddi olduğunu göstərir. Görmə məhdudiyyətli vətəndaşın qanunsuz park edilmiş avtomobillər səbəbindən təhlükə ilə üzləşməsi, əgər qeyd olunan hal təsdiqlənərsə, təkcə nəqliyyatın təşkili deyil, həm də insan təhlükəsizliyi və əlçatanlıq baxımından ciddi nöqsandır. Təəssüf ki, bəzi ərazilərdə sürücülər şəxsi qazanc maraqlarını ictimai maraqlardan üstün tuturlar. Digər tərəfdən, belə vəziyyətin uzun müddət davam etməsi nəzarət mexanizmlərinin yetərincə effektiv olmadığını göstərir".
Ekspertin sözlərinə görə, problemin həlli yalnız sürücülərin cərimələnməsi ilə məhdudlaşmamalıdır:
"Metro stansiyalarının ətrafında taksilər və şəhərlərarası sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq məntəqələri yaradılmalı, sərnişinlərin minib-düşməsi sistemli şəkildə təşkil edilməli, piyada yollarının və metro giriş-çıxışlarının zəbt olunmasının qarşısı qətiyyətlə alınmalıdır. Həmçinin qeyri-qanuni ödənişlərin alınması və ictimai asayişin pozulması ilə bağlı səsləndirilən iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, təsdiqini tapdığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Ərazidə videomüşahidə sistemlərinin imkanlarından daha səmərəli istifadə olunması və mütəmadi nəzarətin həyata keçirilməsi vacibdir. Birdəfəlik reydlər problemi müvəqqəti aradan qaldıra bilər, lakin davamlı nəticə əldə etmək üçün sistemli nəzarət və düzgün nəqliyyat infrastrukturu lazımdır. Unutmamalıyıq ki, şəhər infrastrukturu ilk növbədə insana xidmət etməlidir. Vətəndaş metroya daxil olmaq üçün avtomobillərin arasından keçməyə, sürücülərlə mübahisə etməyə və öz həyatını təhlükəyə atmağa məcbur qalmamalıdır. Bir şəxsin qazanc əldə etmək istəyi yüzlərlə insanın təhlükəsiz və sərbəst hərəkət hüququnu məhdudlaşdıra bilməz. İctimai məkan heç kimin şəxsi qazanc ərazisi deyil".
Lalə, BakuPost
Mənbə:
bakupost.az