Pentaqon Ukraynaya “Patriot” raketinin tədarükünü gecikdirir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya təxminən 60 ədəd “Patriot” hava hücumundan müdafiə raketinin tədarükünü gecikdirib.
News24.az xəbər verir ki, “Financial Times” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, gecikmə ABŞ istehsalı olan PAC-3 və PAC-2 tipli tutucu raketlərə aiddir. Bu raketlər Ukraynaya Qərb müttəfiqlərinin maliyyəsi hesabına alınmalı, onların bir hissəsi isə Avropadakı ehtiyatlardan göndərilməli idi.
Nəşrin məlumatına görə, tədarükün həyata keçirilməsi üçün ABŞ hakimiyyətinin müvafiq ixrac və təkrar ixrac razılıqları tələb olunur. Bu səbəbdən Avropa ölkələrinin anbarlarında olan raketlərin Ukraynaya ötürülməsi də Vaşinqtonun təsdiqindən asılıdır.
Bildirilib ki, səkkiz PAC-3 raketinin sentyabrda, 10 ədədinin oktyabrda, daha 10 ədədinin noyabrda və 12 ədədinin dekabrda göndərilməsi planlaşdırılsa da, bu partiyaların heç biri hələlik tədarük üçün təsdiqlənməyib.
Qeyd edək ki, bundan əvvəl “Kyiv Independent” qəzeti də ABŞ-ın Ukraynaya “Patriot” raketlərinin çatdırılmasını qəsdən gecikdirdiyinə dair iddialar yayıb. Nəşr gecikmənin Ukraynanın müttəfiqləri tərəfindən artıq ödənişi həyata keçirilmiş raketlərə də aid olduğunu yazıb.