Dünya

Ermənistanın yeni Konstitusiyası regionda hər şeyi dəyişə bilər – Paşinyan rəsmən açıqladı

23 Nov 2026, 19:49 2 baxış Admin
Ermənistanın yeni Konstitusiyası regionda hər şeyi dəyişə bilər – Paşinyan rəsmən açıqladı

Ermənistanda yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi ölkənin siyasi gündəmində müzakirələrə səbəb olub. Baş nazir Nikol Paşinyanın dərc etdiyi layihədə Müstəqillik Bəyannaməsinə istinadın yer almaması diqqət çəkən məqamlardandır. Bu dəyişiklik Ermənistanın gələcək siyasi kursuna və Azərbaycanla münasibətlərinə necə təsir göstərəcəyi ilə bağlı suallar yaradır.

Bəs yeni Konstitusiya layihəsinin qəbul edilməsi Ermənistan-Azərbaycan sülh prosesinə təsir edə bilərmi? Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması regionda siyasi münasibətlər baxımından hansı nəticələrə səbəb ola bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması Azərbaycanla sülh sazişinin imzalanması və davamlı sülhün təmin edilməsi istiqamətində əsas maneələrdən birinin aradan qaldırılması kimi qiymətləndirilə bilər:

"Ermənistanın hazırkı Konstitusiyası sülh prosesinin qarşısında hüquqi və siyasi maneə yaradır. Belə ki, Konstitusiyanın preambulasında 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin sənəddə isə Qarabağın Ermənistanla birləşdirilməsi ideyası əksini tapıb. Bundan başqa, Bəyannamədə Türkiyəyə qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar da mövcuddur. Hazırki Konstitusiya dəyişdirilmədən Azərbaycanla sülh sazişinin imzalanması onun uzunmüddətli və davamlı olacağına zəmanət verməz. Çünki gələcəkdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verəcəyi və revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə, onlar Konstitusiyanın müddəalarını əsas gətirərək Azərbaycana qarşı yenidən ərazi iddiaları irəli sürə bilərlər"

Politoloq vurğulayıb ki, məhz bu səbəbdən Azərbaycan tərəfi Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın aradan qaldırılmasını vacib şərtlərdən biri kimi gündəmə gətirirdi:

"Yeni Konstitusiya layihəsində həmin istinadın yer almaması isə Paşinyan hakimiyyətinin ərazi iddiaları ilə əlaqələndirilən müddəalardan uzaqlaşmaq və sülh prosesini yekunlaşdırmaq niyyətini göstərir. Bundan sonrakı mərhələdə əsas məsələ yeni Konstitusiya layihəsinin qəbul edilməsidir. Bunun üçün sənədin əvvəlcə parlamentdə referenduma çıxarılması barədə qərar qəbul edilməli, daha sonra ümumxalq səsverməsinə təqdim olunmalıdır. Referendumda Ermənistan xalqının layihəyə dəstək verməsi ölkə cəmiyyətinin sülh prosesinə münasibətinin müəyyənləşməsi baxımından mühüm göstərici olacaq".

Onun sözlərinə görə, yeni Konstitusiya layihəsinin referenduma çıxarılması Paşinyan hakimiyyəti üçün asan olmayacaq:

"Çünki bununla bağlı parlament qərarının qəbul edilməsi üçün deputatların üçdəiki səsinin dəstəyi tələb olunur. Hazırda hakim partiyanın parlamentdə 64 mandatı var, tələb olunan səs sayına çatmaq üçün isə əlavə altı deputatın dəstəyinə ehtiyac yaranır. Revanşist qüvvələrin layihəyə qarşı mövqeyi nəzərə alınarsa, bu dəstəyi əldə etmək çətin görünür. Bu mərhələdə Paşinyan hakimiyyəti müxalif deputatlarla danışıqlar aparmaq və onları referendum qərarına dəstək verməyə razı salmaq variantını nəzərdən keçirə bilər. Bu cəhdlər nəticə vermədiyi halda isə növbədənkənar parlament seçkilərinin keçirilməsi variantı da gündəmə gələ bilər. Beləliklə, hakimiyyət parlamentdə lazımi çoxluğu təmin etməyə və yeni Konstitusiya ilə bağlı prosesin qarşısındakı siyasi maneələri aradan qaldırmağa çalışa bilər".

Politoloq hesab edir ki, yeni Konstitusiya layihəsinin hazırlanması Ermənistan hakimiyyətinin Müstəqillik Bəyannaməsi ilə bağlı mübahisəli müddəalardan uzaqlaşmaq və Azərbaycanla sülh prosesini yekunlaşdırmaq niyyətinin göstəricisidir. Lakin bu niyyətin real nəticəyə çevrilməsi üçün layihənin qəbul edilməsi və referendumda təsdiqlənməsi vacibdir.

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər