İtaliyanın xarici işlər naziri Azərbaycana səfər etdi
İtaliyanın xarici işlər naziri Antonio Tajani Azərbaycana səfər edib.
News24.az xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb.
Qeyd edilib ki, o, yüksək səviyyəli görüşlər və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıya rəsmi səfərə gəlib.
Bildirilib ki, İtaliyanın xarici işlər naziri Antonio Tajani bu gün və sabah bir sıra yüksək səviyyəli rəsmi görüşlər keçirəcək və Azərbaycan-İtaliya Biznes Forumunda iştirak etmək üçün Bakıda olacaq.
İtaliyanın Baş naziri Giorgia Meloninin ötən ilin mayında, Prezident Sergio Mattarellanın isə 2025-ci ilin oktyabrında Azərbaycana səfərlərindən sonra baş tutan bu səfər İtaliyanın Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyir.
İtaliya XİN-in məlumatında qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazda mühüm aktor, enerji təhlükəsizliyi baxımından isə strateji və etibarlı tərəfdaşdır. Bu əməkdaşlıq Hörmüz boğazındakı böhranın beynəlxalq bazarlara ciddi təsirləri fonunda xüsusi əhəmiyyət kəsb edir.
Antonio Tajani Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazda sülh və iqtisadi inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesi, eləcə də əsas beynəlxalq məsələlər müzakirə olunacaq.
Səfərin əhəmiyyətli hissəsi iqtisadi diplomatiyaya həsr ediləcək. Bu çərçivədə İtaliyanın xarici işlər naziri Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla ikitərəfli görüş keçirəcək və hər iki nazir Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edəcək.
Forumda İtaliya və Azərbaycanın 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndəsinin iştirakı gözlənilir.
Əsas prioritetlərdən biri İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən iri infrastruktur investisiya layihələrində iştirakının genişləndirilməsidir.
Vurğulanıb ki, enerji əməkdaşlığı isə ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan İtaliyanın ikinci ən böyük neft, üçüncü ən böyük təbii qaz təchizatçısıdır.
Əməkdaşlığın genişləndirilməsi üçün qabaqcıl istehsal, rəqəmsal texnologiyalar, bərpaolunan enerji və kritik xammal sahələrində də yeni imkanlar mövcuddur. Bu istiqamətdə üçüncü ölkələrdə əməkdaşlığa dair niyyət bəyannaməsinin imzalanması gözlənilir.